Məkkədə edam, Dakkada sükut: Banqladeş niyə etiraz etmir?

Məkkədə edam, Dakkada sükut: Banqladeş niyə etiraz etmir?
23.10.2026 14:01 Təhlil

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi Məkkə şəhərində yerləşən Məscidül-Haram ərazisində ictimai etikaya zidd hərəkətlər törətməkdə ittiham olunan iki Banqladeş vətəndaşının edam edildiyini açıqlayıb. Rəsmi bəyanata əsasən, ölüm hökmü çıxarılan şəxslər Nuzurulislam Əbdülbasiri və Seti Ahterdir.

TodayPress TV xəbər verir ki, onlar müqəddəs məkanın toxunulmazlığını və mənəvi dəyərlərini pozmaqda günahlandırılıblar. İstintaq və məhkəmə prosesinin başa çatmasından, eləcə də ali təsdiqdən sonra hökm icra olunub. Yayılan məlumatlara görə, edam Səudiyyə Ərəbistanının ənənəvi qaydalarına uyğun olaraq qılıncla həyata keçirilib.

Baş verən hadisə beynəlxalq hüquq müdafiəçiləri və müşahidəçilər tərəfindən tənqidlə qarşılanıb. Ekspertlərin fikrincə, ictimai etikaya zidd addımlara görə həbs, cərimə və ya ictimai işlər kimi alternativ cəza tədbirləri tətbiq edilə biləcəyi halda, birbaşa ən ağır hökmün — edamın seçilməsi Səudiyyə Ərəbistanı hüquq sisteminin sərtliyini və əcnəbi işçilərə münasibətdə disbalansı növbəti dəfə gündəmə gətirir.

Hadisənin ən diqqətçəkən məqamlarından biri Banqladeş hökumətinin dövlət səviyyəsində Səudiyyə Ərəbistanına heç bir rəsmi etiraz və ya bəyanat təqdim etməməsidir. Bu diplomatik sükutun arxasında isə ciddi sosial-iqtisadi amillər dayanır.

Hazırda Səudiyyə Ərəbistanında təxminən 150 min Banqladeş vətəndaşı əsasən nəqliyyat, kommunal xidmətlər və tikinti sektorunda çalışır. Onların ölkələrinə göndərdiyi pul baratları Banqladeş iqtisadiyyatının ana sütunlarından birini təşkil edir. Daka rəhbərliyinin ehtiyatlı davranmasının və kəskin reaksiya verməməsinin ana səbəbi həmin miqrantların kütləvi şəkildə deportasiya olunması riskidir.

Mütəxəssislər qeyd edirlər ki, Körfəz ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanında Cənubi Asiyadan gələn ucuz işçi qüvvəsinə münasibət tez-tez müzakirə mövzusu olur. Yerli əhali və ya imtiyazlı təbəqələr tərəfindən törədilən analoji qayda pozuntularına qarşı daha yumşaq cəzalar tətbiq edildiyi halda, xarici miqrantlara qarşı ən sərt hüquqi mexanizmlərin işə salınması miqrant işçilərin hüquqlarının qorunması məsələsini yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər