"Traktor"un Təbrizdə səsləndirdiyi şüarlar İRANLI ŞOVİNİSTLƏRİ "AYILTDl"
“Traktor” azarkeşlərinin Təbrizdəki şüarları İran şovinistlərini təşvişə salıb.
Təbrizin “Traktor” futbol klubunun azarkeşləri növbəti dəfə stadion tribunalarından səsləndirdikləri milli şüarlarla İranın şovinist və millətçi dairələrinin narahatlığına səbəb olublar.
Belə ki, oktyabrın 22-də “Traktor”un öz meydanında “Sənət Naft Abadan” komandasına qarşı keçirdiyi matçda minlərlə azarkeş Astara və Hirkanın (Gürgan) tarixi Azərbaycan torpaqları olduğunu ifadə edən şüarlar səsləndirib. Tribunaların coşqu ilə qarşıladığı çağırışlar İran millətçi dairələrinin diqqətini yenidən bu məsələyə yönəldib.
Anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı analitik Ehsan Movahediyan isə azarkeşlərin şüarlarını İranın ərazi bütövlüyünə qarşı iddia kimi təqdim edib. O, Təbrizdə dövlət qurumlarının fəaliyyətini belə şüarların qarşısını almaqda yetərsiz hesab edib, hadisəni İranı vətəndaş müharibəsinə və parçalanmaya sürükləmək istəyən qüvvələrin fəaliyyəti ilə əlaqələndirib.
Movahediyanın bu yanaşması milli kimlik və tarixi yaddaşla bağlı səsləndirilən şüarları təhlükə kimi təqdim etməsi baxımından diqqət çəkir. Azarkeşlərin mövqeyini dərhal təxribat və ölkənin parçalanmasına yönəlmiş fəaliyyət kimi qiymətləndirmək isə məsələyə birtərəfli siyasi yanaşmanın göstəricisidir.
“Traktor” tribunalarından səslənən şüarlar Cənubi Azərbaycanda milli kimlik və tarixi irs məsələlərinin ictimai əhəmiyyətini qoruduğunu göstərir. İran millətçi dairələrinin buna sərt reaksiyası isə bu mövzuların ölkədə nə qədər həssas qarşılandığını bir daha ortaya qoyur.
Jalə Rövşən