5-ci sinif Azərbaycan tarixi dərsliyinin üz qabığı İranı necə “dağıtdı”?

5-ci sinif Azərbaycan tarixi dərsliyinin üz qabığı İranı necə “dağıtdı”?
22.10.2026 12:07 Təhlil

Farsların sosial şəbəkə səhifələrindən birində Azərbaycanın 5-ci sinif “Azərbaycan tarixi” dərsliyinin əvvəlki nəşrinin üz qabığı paylaşılaraq “Əliyev və Ərdoğana Təbrizdəki ambisiyalarında uğurlar” şərhi yazılıb.

Köhnə bir məktəb kitabının üz qabığını yenidən gündəmə gətirərək onu Azərbaycan və Türkiyə liderlərinin “ərazi iddiası” kimi qələmə vermək ucuz manipulyasiyadan başqa bir şey deyil.

Xüsusilə qeyd edilməlidir ki, dərsliyin üz qabığının mərkəzində yer alan xəritə Azərbaycanın tarixi torpaqlarını və tarixi coğrafiyasını əks etdirir. Təbriz də bu tarixi coğrafiyanın əsrlər boyu Səfəvilər kimi böyük dövlətlərimizin paytaxtı olmuş mühüm mərkəzlərindən biridir. Məktəblilərin öz xalqının tarixi keçmişini və torpaqlarını öyrənməsi onların ən təbii haqqıdır. Tarixi xəritəni müasir siyasi iddia kimi qələmə vermək  absurd yanaşmadır.

Görünür, əsas hədəf Bakı ilə Ankara arasındakı strateji müttəfiqliyi kölgələməkdir. Təbriz mövzusu üzərindən uydurma “təhlükə” obrazı yaradılaraq regionda şübhə toxumları səpilməyə çalışılır. Lakin dərslikdəki tarixi xəritədən siyasi böhran uydurmaq heç bir məntiqə sığmır. 

Azərbaycanın dünyəvi dövlət modelini və suverenliyini həzm edə bilməyən dini-ideoloji dairələr tez-tez bu cür alətlərə əl atırlar. Dünən məktəbli geyimləri üzərindən ideoloji təzyiq göstərməyə çalışanlar bu gün tarixi xəritəmizi hədəf alırlar. Mövzular dəyişsə də, məqsəd eynidir: Azərbaycanın daxili məsələlərini və milli yaddaşını siyasi qarşıdurma vasitəsinə çevirmək.

Tarixi həqiqətləri dəyişdirmək mümkün olmadığı kimi, Azərbaycan xalqının öz tarixi torpaqlarını və keçmişini öyrənməsini “ambisiya” adlandırmaq da absurddur.

Bu cür ideoloji təxribatlar regionda ancaq nifaq salmağa xidmət edir.

Jalə Rövşən 




XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər