Zelenski Putinin ən zəif nöqtəsini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin dünya bazarında neft qiymətlərinə təsir etmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə TSN telekanalının aparıcısı Alla Mazura müsahibəsində danışaraq ABŞ Prezidenti Donald Trampın iradlarına cavab verib.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın neft infrastrukturuna hücumlar Moskvanın Ukraynanın enerji sistemini hədəfə almasına cavabdır.
“Onlar sənin elektrik enerjini məhv edirlər və bu, sənə ağrı verir. Bəs onlara nə ağrı verir? Neft, dizel, yanacaq. Bu, Putin üçün çox ağrılıdır. O, bizə ağır zərbələr vurur, biz də cavab veririk. Bu, ədalət məsələsidir”, – deyə Zelenski vurğulayıb.
Prezident bildirib ki, Rusiya Ukraynanın elektrik enerjisi infrastrukturuna hücumları dayandıracağı təqdirdə Kiyev də Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır. Onun fikrincə, enerji atəşkəsi məhz bu prinsip əsasında həyata keçirilə bilər.
Zelenski həmçinin ABŞ-yə alternativ təkliflər irəli sürdüyünü açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtona Rusiyanın müəyyən ərazilərində “Starlink” sisteminə çıxışın təmin edilməsi və bununla ballistik raket buraxılış qurğularının vurulması, yaxud Ukraynaya əlavə “Patriot” raketlərinin verilməsi təklif olunub.
Lakin Ukrayna lideri iddia edib ki, Kiyev bu təkliflərin heç biri üzrə müsbət cavab almayıb. Əksinə, ölkə “Starlink” sisteminə tətbiq edilən məhdudiyyətlərlə və Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə üzləşib.
Kübra Musayeva