Söz Ankarada... - Azərbaycan təxribatçıların cəzalandırılmasını gözləyir

Söz Ankarada... - Azərbaycan təxribatçıların cəzalandırılmasını gözləyir
22.10.2026 15:28 Təhlil

“Ərdoğanın zəngi Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı narahatlığı aradan qaldırmır. Açıq qalan suallar var və onlara aydınlıq gətirilməlidir”.

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Turan Rzayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini şərh edərkən deyib.

Onun sözlərinə görə, zəng Bakıda gözlənilirdi. Türkiyədə Azərbaycanın məktəbli forması ilə bağlı qərarına qarşı başlayan kampaniya və dövlət rəhbərliyinə yönələn təhqirlər iki ölkə arasında gərginlik yaradıb.

“Haqlı olaraq Azərbaycan tərəfi Türkiyədən belə bir zəng gözləyir, aydınlıq tələb edirdi”, - deyə analitik bildirib.

Turan Rzayev hesab edir ki, Ərdoğanın İlham Əliyevi Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etməsi Ankara ilə Bakı arasında daha geniş müzakirələrə ehtiyac olduğunu göstərir:

“Ankara-Bakı xəttində yaşanan gərginlik iki ölkə ilə məhdudlaşmır, TDT daxilində də narahatlıq yaradıb”.

Analitikin fikrincə, telefon danışığı Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı narahatlığı aradan qaldırmaq üçün kifayət deyil. O, baş verənlərin səbəblərinin araşdırılmalı və kampaniyada adı hallanan şəxslərin roluna aydınlıq gətirilməli olduğunu bildirib:

“Əgər hakim partiya və ya yaxın çevrələrdəki şəxslər Azərbaycan əleyhinə belə bir prosesdə iştirak ediblərsə, məqsədləri və bu fəaliyyətin hansı maraqlara xidmət etdiyi araşdırılmalıdır”. 

Analitik Türkiyə dövlətinin prosesə vaxtında müdaxilə etməməsi ilə bağlı da sualların açıq qaldığını söyləyib. Onun sözlərinə görə, diplomatik nümayəndəliklər qarşısında aksiyaların keçirildiyi və Azərbaycan rəhbərliyinə qarşı təhqirlərin artdığı bir vaxtda daha aydın mövqe ortaya qoyula bilərdi.

Ekspert MHP başqanı Dövlət Baxçalının hadisələrə münasibətinə də diqqət çəkib. O hesab edir ki, Baxçalının uzlaşdırıcı mövqeyi Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliyin Türk Dövlətləri Təşkilatına da təsir edə biləcəyi ilə bağlı narahatlığı əks etdirir.

“Subyektiv yanaşmam belədir ki, R. T. Ərdoğanın telefon zənginin pərdə arxasında məhz Dövlət bəy dayanır. Belə bir dönəmdə AKP MHP ilə qırılma yaşamaq istəməz”, - deyə o  fikrini əsaslandırıb.

Onun  qənaətinə görə, Türkiyədə Azərbaycana qarşı kampaniyanın yaratdığı incikliyi aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirilməli, səsləndirilən iddialar araşdırılmalı və gələcəkdə oxşar halların qarşısının alınması üçün addımlar atılmalıdır:

“Strateji tərəfdaş, dost, qardaş və müttəfiqiksə, bu suallara aydınlıq gətirilməlidir”. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər