Rusiya və İrandan gələn İKİ BÖYÜK TƏHDİD: Bakı, İrəvan və Tbilisi nə etməlidir? – Ramiz Yunus yazır...

Rusiya və İrandan gələn İKİ BÖYÜK TƏHDİD: Bakı, İrəvan və Tbilisi nə etməlidir? – Ramiz Yunus yazır...
04.09.2026 17:42 Təhlil

Bir neçə il əvvəl mühazirələrlə Azərbaycana gəldiyim və bir sıra nüfuzlu universitetlərdə çıxış etdiyim zaman tələbə və müəllimlərlə müzakirə üçün təklif etdiyim mövzulardan biri “Baş verən geosiyasi proseslər kontekstində Cənubi Qafqaz və xüsusilə Azərbaycan üçün risklər və çağırışlar, eləcə də imkanlar pəncərəsi” mövzusu idi.

O zaman bu, akademik səviyyədə qoyulmuş bir məsələ kimi səslənirdi, bu gün isə gördüyümüz kimi, artıq heç də sırf akademik problem deyil.

Yaşadığımız dünya o qədər sürətlə dəyişib ki, dünənin bir çox geosiyasi proqnozları bu gün artıq demək olar ki, geridə qalmış bir dövrün sənədləri təsiri bağışlayır. Rusiyanın Ukraynaya qarşı təcavüzü artıq beşinci ildir davam edir və yeni eskalasiya ilə müşayiət olunur. Yaxın Şərqdə ABŞ və İran arasında silahlı qarşıdurma davam edir və bu qarşıdurma təkcə regionun təhlükəsizliyinə deyil, dünya enerji bazarlarına və beynəlxalq ticarətə də yenidən təsir göstərir.

Bu iki nəhəng geosiyasi ocaq arasında isə Cənubi Qafqaz yerləşir.

Məhz buna görə bu gün biz təkcə risklər və çağırışlardan deyil, ilk növbədə regionun üç dövlətinin — Azərbaycan, Gürcüstan və Ermənistanın — bu riskləri düzgün qiymətləndirmək, müxtəlif ssenariləri əvvəlcədən hesablamaq və qarşıya çıxan imkanları öz təhlükəsizlik və inkişaf resursuna çevirmək qabiliyyətindən danışmalıyıq.

Çünki qlobal turbulentlik dövründə dövlətin yol verə biləcəyi ən böyük səhv simpatiyalarda yanılmaq deyil. Əsas səhv ətrafında baş verənlərin nəticələrini düzgün qiymətləndirməməkdir.

Rusiya-Ukrayna müharibəsi bu baxımdan Cənubi Qafqaz üçün prinsipial əhəmiyyət daşıyır və burada son dərəcə dürüst danışmaq lazımdır.

Cənubi Qafqaz bu müharibəyə təhlükəsizliyimizə aidiyyəti olmayan uzaq bir məsələ kimi yanaşa bilməz. Rusiya regionun bilavasitə qonşusudur və müharibənin nəticəsi istər-istəməz Rusiyanın xarici siyasətinə, onun qonşu dövlətlərlə münasibətlərinə və bütün postsovet məkanına təsir göstərəcək.

Eyni zamanda, Cənubi Qafqaz ölkələri üçün tamamilə aydındır ki, iki mümkün nəticə — Rusiyanın qələbəsi və ya məğlubiyyəti — arasında seçim etmək lazım gəlsə, regionun maraqları baxımından Rusiyanın məğlubiyyəti onun qələbəsindən xeyli daha arzuolunandır.

Niyə?

Çünki Rusiyanın qələbəsi sadəcə Ukraynada cəbhə xəttinin dəyişməsi demək olmayacaq. Bu, Rusiya daxilində qonşulara qarşı güc tətbiqinə əsaslanan təzyiq siyasətinin nəticə verdiyi qənaətini gücləndirə bilər ki, bu da artıq Rusiya perimetri boyunca yerləşən bütün dövlətlər üçün birbaşa çağırışdır.

Bu gün Rusiyanın informasiya və ekspert məkanında səslənən fikirləri biz çox yaxşı bilirik. Rusiya “maraqlarının” harada bitdiyi, qonşu dövlətlərin suveren maraqlarının isə harada başladığı məsələsi Moskvada heç də həmişə sonuncuların xeyrinə şərh olunmur.

Mən bu barədə yaxınlarda “Qafqaz Rusiyanın nişi deyil” adlı məqaləmdə yazmışdım və bu gün həmin tezis daha da aktualdır.

Lakin burada mühüm bir məqamı, xüsusilə də ukraynalı dostlarımız üçün dəqiqləşdirmək lazımdır: Ukraynanı dəstəkləmək avtomatik olaraq müharibəyə qoşulmaq demək deyil.

Cənubi Qafqaz ölkələri Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini siyasi, mənəvi, humanitar və mümkün olduğu hallarda iqtisadi baxımdan dəstəkləməlidir. Ukrayna bu gün təkcə öz ərazisini deyil, beynəlxalq münasibətlərin fundamental prinsipini də müdafiə edir: dövlətlərin sərhədləri güc yolu ilə dəyişdirilməməlidir.

Lakin Azərbaycan, Gürcüstan və Ermənistanın öz təhlükəsizlik sərhədləri, öz təhdidləri və öz xalqları qarşısında məsuliyyəti var və məhz buna görə Rusiya-Ukrayna müharibəsinə birbaşa hərbi müdaxilə Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir.

Bu, Rusiya timsalında təcavüzkarla Ukrayna timsalında qurban arasında neytrallıq deyil, ədaləti dəstəkləyən, lakin öz sərhədləri yaxınlığında ikinci cəbhə açmağa borclu olmayan dövlətin məsuliyyətli siyasətidir. Burada təkcə Rusiyanın qələbəsi ssenarisinə deyil, Rusiyanın məğlubiyyətinin də ciddi risklər yaradacağına baxmaq lazımdır.

Əgər hərbi məğlubiyyət, iqtisadi problemlər və Rusiyanın daxilindəki sosial gərginlik sistemli siyasi böhrana çevrilməyə başlasa, biz artıq güclü və aqressiv Rusiya ilə deyil, bizə ən yaxın coğrafiyada yerləşən qeyri-sabit Rusiya ilə üz-üzə qala bilərik. Nəhəng nüvə dövlətinin qeyri-sabitliyi isə özü də ciddi çağırışdır.

Müasir Rusiya tarixində “doxsanıncı illərin çətin dövrü” adlandırılan mərhələ artıq yaşanıb və Rusiyanın bütün qonşuları, xüsusilə də Cənubi Qafqaz ölkələri həmin qanlı dövrləri — Qarabağı, Abxaziyanı, Tsxinvalini... — yaxşı xatırlayırlar. Buna görə də Rusiyanın məğlubiyyətinin avtomatik olaraq bütün qonşuları üçün sakit bir dövrün başlanması demək olduğunu düşünmək siyasi uzaqgörənliyin olmaması olardı.

Beləliklə, paradoksal vəziyyət yaranır: Rusiyanın qələbəsi onun qonşulara qarşı revanşizmini gücləndirə, məğlubiyyəti isə ölkə daxilində qeyri-sabitliyi artıra bilər.

Məhz buna görə Cənubi Qafqaz hadisələrin inkişafının yalnız bir deyil, bir neçə variantına hazır olmalıdır.

Eyni şey İrana da aiddir.

Əgər Tehrandakı hazırkı hakimiyyət təzyiqlərə tab gətirməsə və siyasi kollaps baş versə, region qarşısında tamamilə yeni təhdidlər toplusu yaranacaq. İran çoxmillətli və son dərəcə mürəkkəb daxili struktura malik dövlətdir. Buna görə də mərkəzi hakimiyyətin mümkün parçalanması təkcə Tehranda hakimiyyət uğrunda mübarizəyə deyil, həm də ciddi etnosiyasi proseslərə səbəb ola bilər və bu, İranın bütün qonşuları üçün son dərəcə həssas məsələdir.

Lakin hazırkı rejimin qorunub saxlanılması da avtomatik olaraq əvvəlki vəziyyətə qayıdış demək deyil.

Əgər Tehrandakı hakimiyyət hazırkı qarşıdurmadan sağ çıxmağı bacarsa, demək olar ki, qaçılmaz olaraq özünü qalib kimi təqdim etməyə, ölkə daxilində nəzarəti gücləndirməyə, müxalif əhval-ruhiyyəni yatırmağa və əvvəlki idarəetmə sistemini bərpa etməyə çalışacaq. Buna nail olub-olmayacağı artıq başqa məsələdir, lakin prosesin özü də ciddi risklər yarada bilər.

Beləliklə, Cənubi Qafqaz bu gün şimaldan və cənubdan gələn iki güclü geosiyasi turbulentliyin arasında qalır və məhz buna görə biz növbəti xarici himayəçi axtarmamalı, öz regional sabitlik arxitekturamızı gücləndirməliyik.

Bu arxitekturanın ilk və ən mühüm elementi Azərbaycan və Ermənistan arasında yekun sülh olmalıdır və son hadisələr ehtiyatlı nikbinlik üçün əsas verir.

Avqustun 31-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu iki liderin əlaqə saxlamasının özü və onların hazırkı geosiyasi vəziyyətdə verdikləri bəyanatlar ciddi diqqətə layiqdir.

Xüsusilə vacib olan budur ki, Bakı ilə İrəvan arasında sülh prosesi tədricən yalnız ikitərəfli məsələ olmaqdan çıxır və bu artıq Cənubi Qafqazın ümumi təhlükəsizliyi məsələsidir.

Azərbaycan və Ermənistan silahlı münaqişə səhifəsini nə qədər tez tam bağlasalar, xarici aktorların erməni-azərbaycanlı qarşıdurmasından öz təsir vasitəsi kimi istifadə etmək imkanları da bir o qədər azalacaq və burada Ermənistan prinsipial seçim etməlidir.

Tarixi travmalar siyasəti ilə sonsuzadək yaşamaq, xarici himayəçilər axtarmaq və qanunvericilikdə ərazi iddiaları üçün zəmin yaradan müddəaları saxlamaq olar, yaxud yeni reallığı qəbul edib tarixinin tamamilə başqa səhifəsini açmaq olar.

Bu gün Azərbaycan artıq bir neçə onillik əvvəl mövcud olmuş Azərbaycan deyil. Bu, ərazi bütövlüyünü bərpa etmiş, iqtisadi və hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirmiş, diplomatik əlaqələrini genişləndirmiş və regional orta gücə — “middle power”a — çevrilmiş dövlətdir. Buna görə də Ermənistan üçün bu yeni reallığı qəbul etmək məğlubiyyət deyil, yeni siyasətin başlanğıcıdır.

Bu kontekstdə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi xüsusilə mühümdür. Baş nazir Paşinyan özü də bu məsələ barədə danışıb.

Əgər Ermənistan həqiqətən Azərbaycanla münaqişəni birdəfəlik bağlamaq istəyirsə, onun əsas qanununda qonşu dövlətə qarşı ərazi iddiaları kimi şərh oluna biləcək müddəalar qalmamalıdır. Çünki sülh müqaviləsi sadəcə siyasi sənəd olmamalı, həm də yeni Cənubi Qafqazın hüquqi təməli olmalıdır və o zaman tamamilə fərqli imkanlar məkanı açılacaq.

Azərbaycan və Ermənistan arasında sülh həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasının, yeni kommunikasiyaların açılmasının, ticarətin, nəqliyyat layihələrinin inkişafının və Ermənistanın regional inteqrasiya proseslərinə tədricən qoşulmasının başlanğıcı ola bilər. Bu, Ermənistan üçün xüsusilə vacibdir, çünki Azərbaycanla sülh Ermənistan üçün qapıların bağlanması deyil, açılması deməkdir və burada Türkiyə haqqında danışmamaq mümkün deyil.

Cənubi Qafqazda yeni balansın formalaşmasında Türkiyənin rolunu həddindən artıq qiymətləndirmək mümkün deyil.

Son illərdə biz regional arxitekturanın tədricən transformasiyasının şahidi olmuşuq: Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığından Azərbaycan–Gürcüstan–Türkiyə üçbucağına, daha sonra isə Türk Dövlətləri Təşkilatı, nəqliyyat dəhlizləri, energetika və Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş regional məkanda artan rolu ilə bağlı daha geniş proseslərə qədər.

Bu artıq sadəcə etnomədəni yaxınlıq məsələsi deyil, geosiyasət, iqtisadiyyat, kommunikasiyalar və təhlükəsizlik məsələsidir.

Bu gün Türkiyəni nəzərə almadan Cənubi Qafqazın sabitliyindən danışmaq mümkün deyil və regionun hər üç dövləti bunu anlamalıdır.

Gürcüstan artıq bu regional qarşılıqlı bağlılıq sisteminin mühüm hissəsidir. Onun Azərbaycan və Türkiyə ilə münasibətləri çoxdan adi qonşuluq çərçivəsindən çıxaraq strateji məzmun kəsb edib. Çünki bu üçbucağın qorunması və daha da möhkəmləndirilməsi Gürcüstan üçün öz iqtisadi və siyasi dayanıqlığını təmin etməyin ən mühüm vasitələrindən biridir.

Ermənistanın vəziyyəti isə fərqlidir və onun hələ bu yolu keçməsi qarşıdadır. Bu yolun açarı məhz Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Çünki yalnız Bakı ilə sülh Ermənistan-Türkiyə münasibətlərinin tam normallaşmasına, bununla da Ermənistanın regionun daha geniş iqtisadi və nəqliyyat məkanına daxil olmasına yol aça bilər.

Beləliklə, Ermənistan-Azərbaycan sülhü son nöqtə deyil, yeni regional düzən üçün başlanğıc meydanına çevrilir və bu, yəqin ki, Cənubi Qafqazın qarşısında duran ən mühüm tarixi imkanlardan biridir.

Lakin bu prosesin daha bir prinsipial aspekti var: Cənubi Qafqaz özünü yalnız xarici güclərin mübarizə obyekti kimi qəbul etməyi dayandırmalıdır.

Rusiya, Türkiyə, İran, ABŞ, Avropa İttifaqı, Çin və digər aktorların regionda öz maraqları var və bu normaldır. Böyük dövlətlər həmişə coğrafi, enerji və nəqliyyat baxımından əhəmiyyətli ərazilərlə maraqlanacaqlar. Lakin böyük dövlətlərin maraqları avtomatik olaraq kiçik dövlətlərin maraqlarına çevrilməməlidir və Cənubi Qafqaz ölkələri burada öz milli maraqlarının dilində danışmağı öyrənməlidirlər.

Cənubi Qafqaz ölkələri “Rusiya tərəfdarı”, “Amerika tərəfdarı”, “İran tərəfdarı” və ya “Çin tərəfdarı” olmamalı, hətta Qərbə yönəlməyi də özlüyündə məqsədə çevirməməlidirlər.

Azərbaycanpərəst, Gürcüstanpərəst və Ermənistanpərəst olmaq — yəni hər şeydən əvvəl öz milli maraqlarından çıxış etmək lazımdır. Məsuliyyətli dövlətlər bu gün məhz belə davranmalıdırlar.

Bu baxımdan Cənubi Qafqazın qarşısında unikal imkanlar pəncərəsi var.

Ukraynadakı müharibə Avropa ilə Asiya arasındakı nəqliyyat marşrutlarının əhəmiyyətini dəyişib. Orta Dəhlizin əhəmiyyətinin artması artıq Azərbaycan, Gürcüstan və Türkiyənin bir-biri ilə bağlı nəqliyyat-iqtisadi məkan kimi rolunu gücləndirir.

Buna Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, yeni kommunikasiyaların açılmasını və Ermənistanın regional iqtisadi sistemə tədricən cəlb olunmasını da əlavə etsək, Cənubi Qafqaz daimi münaqişələr ərazisindən Avrasiyanın ən mühüm kommunikasiya qovşaqlarından birinə çevrilə bilər.

Lakin bunun üçün sülh lazımdır və məhz buna görə Azərbaycanla Ermənistan arasında sülh təkcə Bakı və İrəvan üçün sərfəli deyil.

Bu sülh Tbilisi, Ankara və bütün Cənubi Qafqaz üçün sərfəlidir. Daha geniş prizmadan baxdıqda isə Avropa və bütün beynəlxalq ticarət sistemi üçün də faydalıdır.

Lakin başqa bir məsələni də unutmaq olmaz.

Dövlətin ən uğurlu xarici siyasət kursu belə, onun daxilində ictimai dayanıqlıq yoxdursa, zəif vəziyyətə düşür və burada istərdim ki, ayrıca Azərbaycandakı həmvətənlərimə müraciət edim.

Biz ölkəmizin ətrafında tamamilə yeni geosiyasi reallığın formalaşdığı bir dövrü yaşayırıq.

Azərbaycan son illərdə böyük yol keçib, lakin məhz buna görə bu gün ölkəmizin əsas resurslarından birinə çevrilmiş ictimai həmrəyliyi qorumaq xüsusilə vacibdir.

İkinci Qarabağ müharibəsi Azərbaycan cəmiyyətində xüsusi birlik hissi formalaşdırdı və dövlətə ən ağır sınaqlardan keçməyə imkan verən həmin ictimai konsensus yarandı.

Bu gün həmin konsensusa ən azı o vaxtkı qədər ehtiyacımız var, çünki müharibə başa çatıb, lakin risklər dövrü başa çatmayıb, əksinə, daha da mürəkkəbləşib.

İndi biz eyni vaxtda Rusiya, Ukrayna, İran, Türkiyə, Yaxın Şərq, Avropa və qlobal beynəlxalq münasibətlər sistemində baş verənləri nəzərə almalıyıq.

Məhz buna görə daxili parçalanma, siyasi qütbləşmə və ictimai konsensusu dağıtmaq cəhdləri istənilən dövlət üçün əlavə zəiflik mənbəyinə çevrilir.

Azərbaycan bu gün ən ağır sınaqlar dövründə formalaşmış dövlətlə cəmiyyət arasındakı ictimai müqaviləni qorumağı davam etdirməlidir.

Bu, cəmiyyətdə fərqli fikirlərin olmaması demək deyil. Əksinə, güclü dövlət müzakirədən qorxmur. Lakin cəmiyyətdə elə fundamental milli maraqlar olmalıdır ki, onların ətrafında hamımız strateji birlik nümayiş etdirməliyik.

Bunlar ərazi bütövlüyü, suverenlik, milli təhlükəsizlik, ölkədə siyasi sabitlik, regionda sülh və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək qabiliyyətidir.

Milli konsensus məhz bu prinsiplər ətrafında qorunmalıdır. Çünki bu gün Cənubi Qafqazın qarşısında nadir tarixi imkan pəncərəsi açılır, lakin eyni zamanda regionun üzərində tamamilə real təhdidlər də var.

Rusiya müharibədən daha güclü və daha revanşist şəkildə çıxa bilər — yaxud daxili böhran dövrünə daxil ola bilər. Rusiya-Ukrayna müharibəsi yeni Avropa təhlükəsizlik düzəninin formalaşması ilə başa çata bilər — yaxud daha uzunmüddətli qarşıdurma dövrünə gətirib çıxara bilər.

İran hazırkı hakimiyyət sistemini qoruyub saxlaya bilər — yaxud dərin siyasi sarsıntı ilə üzləşə bilər. ABŞ-İran qarşıdurması razılaşmalarla başa çata bilər — yaxud daha genişmiqyaslı böhrana gətirib çıxara bilər.

Biz bu prosesləri idarə edə bilmərik, lakin onlara hazırlığımızı idarə edə bilərik və Cənubi Qafqazın əsas vəzifəsi də məhz bundan ibarətdir.

Böyük dövlətlərin taleyimizi həll edəcəyi günü gözləməmək, onların hansının növbəti himayəçimiz olacağını seçməmək, regionu başqalarının qarşıdurma meydanına çevirməmək, əksinə, elə bir qarşılıqlı asılılıq sistemi yaratmaq lazımdır ki, müharibə sərfəsiz, sülh isə sərfəli olsun.

Bunun üçün Ermənistan-Azərbaycan münaqişəsini başa çatdırmaq, Azərbaycan–Gürcüstan–Türkiyə istiqamətini gücləndirmək, suverenliyə qarşılıqlı hörmət əsasında bütün qonşularla münasibətləri inkişaf etdirmək, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərini davam etdirmək, nəqliyyat və enerji kommunikasiyalarını inkişaf etdirmək və ən başlıcası — Cənubi Qafqazın hər üç dövlətinin daxili dayanıqlığını qorumaq lazımdır.

Çünki XXI əsrdə dövlətin təhlükəsizliyi artıq təkcə tankların və ya raketlərin sayı ilə müəyyən olunmur — bu, həm də ətrafında adət etdiyi geosiyasi konstruksiyalar dağıldığı zaman cəmiyyətin öz birliyini qoruyub saxlamaq qabiliyyətidir.

Bir neçə il əvvəl tələbələrimə Cənubi Qafqaz üçün “risklər, çağırışlar və imkanlar pəncərəsi” barədə danışırdım.

Bu gün həmin fikri bir qədər fərqli şəkildə ifadə edərdim: biz risklə imkanın eyni tarixi vəziyyətin iki tərəfinə çevrildiyi bir dövrdə yaşayırıq.

Rusiyanın Ukraynaya qarşı müharibəsi böyük riskdir, lakin eyni zamanda yeni Avropa və Avrasiya düzəninin formalaşdırılması üçün imkan pəncərəsi yaradır.

İran ətrafındakı böhran böyük riskdir, lakin eyni zamanda region dövlətlərini öz təhlükəsizliklərini yeni prizmadan qiymətləndirməyə vadar edir.

Nəqliyyat marşrutlarının dəyişməsi çağırışdır, lakin eyni zamanda Azərbaycan, Gürcüstan və Türkiyə üçün unikal imkandır.

Azərbaycan və Ermənistan arasında sülh ən çətin siyasi vəzifədir, lakin eyni zamanda Cənubi Qafqazı münaqişələr periferiyasından regional əməkdaşlıq mərkəzinə çevirmək üçün tarixi şansdır.

Buna görə bu gün bizim üçün irəliyə baxmaq və yalnız “başımıza nə gələcək?” sualını verməmək, əvəzində başqa bir sual qoymaq xüsusilə vacibdir: ətrafımızda baş verənlərin bizim maraqlarımıza xidmət etməsi üçün özümüz nə edə bilərik?

Məhz bu sual bu gün bütün Cənubi Qafqaz üçün, xüsusilə də Azərbaycan üçün əsas sual olmalıdır. Çünki müharibədə qalib gəlməyi öyrənmiş ölkəmiz indi müharibədən sonrakı sülhü ən azı müharibədəki qədər uğurla idarə etməyi öyrənməlidir. Bunun üçün bizə təkcə güclü ordu və güclü diplomatiya deyil, həm də strateji düşüncə, regional sülh, bu günün hüdudlarından daha uzağı görə bilmək bacarığı və hər şeydən əvvəl Azərbaycan cəmiyyətində milli birliyin qorunması lazımdır.

Cənubi Qafqazın bu gün həqiqətən də bir şansı var. Lakin tarix heç vaxt bu şansdan istifadə olunacağına zəmanət vermir. Çünki bu, yalnız dövlətin onu görmək üçün kifayət qədər müdrikliyə və ondan istifadə etmək üçün siyasi iradəyə malik olduğu halda tarixi nəticəyə çevrilir.

Uinston Çörçillin dediyi kimi:Nə böyük faciədir ki, o xüsusi məqam insanı özünün ən böyük zəfərinə hazırlıqsız yaxalasın”.

Ramiz Yunus

Siyasi elmlər professoru

“Xəzər” Beynəlxalq Universiteti


XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər