Son iki gündə Ermənistan Rusiyanı yerə vurdu - Qoşun çıxsa, imperiyadan əlamət qalmayacaq
Rusiya Prezidenti Vladimir Putinin Gümrüdəki 102-ci hərbi baza ilə bağlı bəyanatı və ona Nikol Paşinyanın cavabı regionda böyük rezonans doğurub.
Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının ŞƏT sammitindən sonra mətbuat konfransında çıxış edən Rusiya lideri rəsmi İrəvana sərt və birbaşa mesajlar ünvanlayıb.
Məsələnin əsas mahiyyəti və dünənki inkişaflar aşağıdakı kimidir:
Putin bəyan edib ki, əgər Ermənistan Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac duymadığını düşünürsə, Moskva "hətta sabah" elə oradan çıxmağa hazırdır. Rusiya heç nəyi heç kimə zorla qəbul etdirməyəcək.
Rusiya lideri Ermənistanın Avropa İttifaqına Aİ doğru addımlarını şərh edərək bildirib ki, İrəvanın eyni anda həm Aİ, həm də Rusiya-yönümlü Avrasiya İqtisadi İttifaqında Aİİ qalması "sadəcə qeyri-mümkündür". O, fərqli fitosanitar normaları və texniki standartları əsas gətirib.
Putin Paşinyanın Praqada Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını xatırladaraq, bundan sonra KTMT-nin prosesə müdaxilə etməməsinin təbii olduğunu vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan dünən keçirdiyi brifinqdə Putinin bu anonsuna cavab verərək bildirib ki, əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, İrəvan buna heç bir etiraz etməyəcək.
Paşinyan əlavə edib ki, Ermənistan tərəfi bu vaxta qədər Rusiya bazasının çıxarılması məsələsini rəsmi olaraq qaldırmayıb, lakin bu bazanın mövcudluğu artıq ölkə üçün "həyati bir zərurət" deyil.
Moskva İrəvanın Qərbə tərəf meyllənməsinə qarşı hərbi və iqtisadi kartları masaya qoyur, Ermənistanı seçim etməyə məcbur edir.
İrəvan isə Rusiya ilə hərbi asılılığı tamamilə kəsməyə hazır olduğunu nümayiş etdirir, lakin iqtisadi fəsadlardan, xüsusilə Aİİ-dən çıxmaq riskindən yayınmağa çalışır.
Ekspertlər qeyd edirlər ki, rəsmi razılaşmaya əsasən Gümrüdəki 102-ci hərbi bazanın vaxtı 2044-cü ilə qədərdir. Lakin liderlərin bu qarşılıqlı ritorikası bazanın taleyini artıq ciddi şəkildə şübhə altına salıb. İki lider yaxın gələcəkdə bu məsələləri daha detallı müzakirə etmək üçün Moskvada görüşmək barədə razılığa gəliblər.
İsmayıl Şahlı