Ermənistan məhsulları Azərbaycan bazarında: Alıcı alacaqmı? - ARAŞDIRMA
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğu açıqlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də bildirib ki, ölkəsindən Azərbaycana ilk ixrac həyata keçirilib. Lakin hansı məhsulun göndərildiyini açıqlamayıb və detalları şirkətlərin özlərinin elan edəcəyini deyib.
TodayPress TV xəbər verir ki, bu açıqlama iki ölkə arasında iqtisadi münasibətlər baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki uzun illər ərzində Azərbaycan və Ermənistan arasında faktiki olaraq ticarət əlaqələri mövcud olmayıb. 2026-cı ilin əvvəlində isə tərəflər qarşılıqlı ticarət üçün məhsul siyahılarını dəyişmiş, Ermənistan tərəfi də Azərbaycan bazarına çıxara biləcəyi məhsullar barədə danışmağa başlamışdı.
Hazırda əsas suallardan biri isə budur: Ermənistan məhsulları Azərbaycan bazarında satışa çıxarılsa, yerli alıcının münasibəti necə olacaq?
İqtisadçı Natiq Cəfərli hesab edir ki, ticarətin ilk mərhələsində dövriyyənin böyük olması gözlənilmir. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin yaranması ilk növbədə siyasi və iqtisadi baxımdan müsbət prosesdir. Lakin bunun davamlı xarakter alması üçün bir sıra məsələlər həll edilməlidir.

“İlk mərhələdə Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi böyük olmayacaq. Ticarət başlasa belə, başlanğıcda həcmlər kiçik olacaq. Amma sülh quruculuğu baxımından ticarətin yaranması olduqca müsbət haldır və bu proses davam etdirilməlidir. Bunun üçün bank köçürmələri, sığorta və digər infrastruktur məsələləri həll olunmalıdır. Bu məsələlər yoluna qoyulduqdan sonra ticarət dövriyyəsinin artması mümkündür”, - deyə Natiq Cəfərli bildirib.
İqtisadçıya görə, Ermənistanın Azərbaycana ixrac edə biləcəyi əsas məhsullar arasında alkoqollu və alkoqolsuz içkilər, kənd təsərrüfatı məhsulları və balıqçılıq məhsulları ola bilər.
Əslində, söhbət təkcə iki ölkə arasında ticarət statistikasının formalaşmasından getmir. Məhsul Azərbaycan bazarına daxil olduqdan sonra qarşıda başqa bir mərhələ başlayacaq: alıcının həmin məhsula münasibəti.
Marketoloq Bəylər Əlizadə düşünür ki, Azərbaycan istehlakçısının seçimində bir neçə amil rol oynayacaq. Onun fikrincə, qiymət və keyfiyyət əsas meyarlar olsa da, məhsulun Ermənistan mənşəli olması ilkin mərhələdə müəyyən psixoloji maneə yarada bilər.

“Yerli istehlakçı məhsulu bir neçə istiqamətdən qiymətləndirəcək. Burada əsas məsələlərdən biri keyfiyyət, digəri isə qiymətdir. Əgər alıcılar məhsulun Ermənistan mənşəli olmasına xüsusi diqqət yetirsələr, bu, xüsusilə rəqabətin yüksək olduğu kateqoriyalarda həmin məhsulların bazara sürətli daxil olmasına maneə yarada bilər. Amma rəqibi az olan və daha spesifik məhsulların bazara daha tez uyğunlaşması mümkündür”, - deyə Bəylər Əlizadə qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə zaman da mühüm rol oynayacaq. Əgər iki ölkə arasında münasibətlərdə yeni gərginlik yaranmasa, məhsulların qarşılıqlı şəkildə bazarlara çıxarılması davam etsə və Azərbaycan istehsalçıları da Ermənistan bazarına daxil ola bilsələr, müəyyən müddətdən sonra bu psixoloji baryer zəifləyə bilər.
“Bu, həssas mövzudur. İnsan burada yalnız fərdi istehlakçı kimi düşünmür, eyni zamanda məsələyə milli baxımdan yanaşır. İllərlə davam edən münaqişədən sonra Ermənistan istehsalçısının Azərbaycanda məhsul sataraq gəlir əldə etməsi ilk mərhələdə cəmiyyət tərəfindən adi qarşılanmaya bilər. Amma eyni proses qarşılıqlı şəkildə baş verərsə, yəni Azərbaycan məhsulları da Ermənistan bazarında satılarsa, bu, münasibətlərin normallaşması və hər iki ölkənin bir-birinin bazarlarından istifadə etməsi kimi qəbul oluna bilər. Bu halda zamanla qıcıqlandırıcı məqamlar da aradan qalxa bilər”, - deyə marketoloq bildirib.
Sosioloq Hüseyn İbrahimov isə hesab edir ki, istehlakçının davranışı barədə indidən qəti fikir söyləmək çətindir. Bunun üçün əvvəlcə Azərbaycana hansı məhsulların gətiriləcəyi məlum olmalıdır.

Onun sözlərinə görə, məhsulun qiyməti və keyfiyyəti istehlakçı seçiminə ciddi təsir göstərən amillərdir. Ermənistan mənşəli olması da müəyyən rol oynaya bilər, lakin bunun təsiri məhsulun növündən və bazardakı alternativlərdən asılı olacaq.
“Ermənistandan Azərbaycana hansı məhsulların ixrac edildiyi hələ açıqlanmayıb. Ona görə də konkret məhsullar məlum olmadan alıcının davranışı barədə dəqiq fikir söyləmək çətindir. Əgər məhsulun qiyməti münasib, keyfiyyəti qənaətbəxş olarsa, bu, istehlakçı üçün əsas amillərdən biri olacaq. Məhsulun Ermənistan mənşəli olmasının nə dərəcədə rol oynayacağını isə məhz məhsulun növü, keyfiyyəti və qiyməti müəyyən edəcək”, - deyə Hüseyn İbrahimov bildirib.
Sosioloqun fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində proseslər davam etdikcə iqtisadi əlaqələrin də genişlənməsi mümkündür. O qeyd edib ki, Azərbaycan müxtəlif ölkələrdən məhsullar idxal edir və bu məhsulların təhlükəsizlik və keyfiyyət göstəriciləri müvafiq qaydada yoxlanılır.
Burada daha bir məqam diqqət çəkir. Ermənistan məhsullarının Azərbaycana gəlməsi birtərəfli proses kimi də qiymətləndirilmir. 2026-cı il ərzində Azərbaycanın Ermənistana ixracı artıq milyonlarla dollarla ölçülür. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, yanvar-iyun aylarında Azərbaycandan Ermənistana 17,129 milyon dollar dəyərində məhsul ixrac edilib.
Yəni prosesin iqtisadi məntiqi qarşılıqlı ticarətin formalaşmasına gedib çıxır. Ermənistanın Azərbaycana ixracının başlaması ilə iki ölkə arasında əvvəllər olmayan yeni bir iqtisadi münasibət xətti yaranır.
İlk mərhələdə isə bazarın reaksiyası əsas göstərici olacaq. Alıcı məhsulun üzərindəki “Ermənistan” sözünə görə seçimindən imtina edəcək, yoxsa qiymət və keyfiyyəti əsas götürəcək? Bunu əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir.
Amma bir məqam aydındır: Ermənistan məhsullarının Azərbaycana gətirilməsi yalnız supermarket rəflərində yeni məhsulların peyda olması demək deyil. Bu, illərlə qarşıdurma şəraitində olan iki ölkə arasında iqtisadi əlaqələrin real müstəviyə keçməsinin göstəricisidir.
Bu əlaqələrin nə qədər böyüyəcəyi isə təkcə şirkətlərin qərarından yox, siyasi münasibətlərin sabitliyindən, logistika və ödəniş imkanlarından, eləcə də ən əsası Azərbaycan və Ermənistan istehlakçısının bu prosesə münasibətindən asılı olacaq.
Kübra Musayeva