Avtobuslarda yeni sistem: Sərnişinlər bundan sonra daha çox ödəyəcək?

Avtobuslarda yeni sistem: Sərnişinlər bundan sonra daha çox ödəyəcək?
03.09.2026 20:36 Təhlil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutların “brutto müqavilə” sisteminə qoşulduğunu elan edib. Yeni modelə əsasən daşıyıcılara artıq sərnişin sayına görə deyil, qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödəniş edilir. Digər marşrutların da tezliklə bu sistemə keçməsi gözlənilir.

Bəs bu model əslində nədir, dünyanın hansı ölkələrində tətbiq olunur və nə dərəcədə uğurlu olub?

İctimai nəqliyyatda iki əsas müqavilə tipi mövcuddur: netto (xalis) və brutto (ümumi).

"Netto müqavilə"də daşıyıcı sərnişinlərdən yığılan gediş haqqını özündə saxlayır və riski daşıyır. Sərnişin az olanda gəlir düşür, ona görə də operatorlar daha çox gəlirli marşrutlara və saatlara üstünlük verir, axşamlar və şəhərətrafı xətlərdə isə xidmət zəifləyir.


"Brutto müqavilə"də isə vəziyyət fərqlidir. Gediş haqları tənzimləyici qurumda toplanır. Bu ölkəmizdə AYNA-ya aiddir. Daşıyıcı isə əvvəlcədən razılaşdırılmış şərtlərə görə ödəniş alır. Yəni operator sərnişin sayından asılı olmur. Əsas vəzifəsi qrafikə riayət etməkdir. Keyfiyyət aşağı düşərsə, cərimələr tətbiq olunur. Əks halda, yəni yaxşı nəticələrdə əlavə ödənişlər mümkündür.

"Brutto müqavilə" dünyada onillərdir istifadə olunur. İlk geniş tətbiqlərdən biri 1980-ci illərin ortalarında Londonda başlayıb. Operatorlara kilometrə görə ödəniş edilir, etibarlılıq və vaxtında gəliş göstəricilərinə görə bonus və ya cərimə tətbiq olunur.

Skandinaviya ölkələrində də model geniş yayılıb. İsveç, Danimarka və Finlandiyada "brutto müqavilə"lər üstünlük təşkil edir. Sinqapur da son illərdə bütün avtobus sisteminə keçirib.

Avstraliya, Fransa, Kolumbiya, Cənubi Afrika, Hindistan və Gürcüstanda da bu modelə rast gəlinir.

Təcrübə göstərir ki, düzgün tətbiq olunanda brutto müqavilə bir sıra üstünlüklər verir.

Sərnişinin cibinə gəldikdə isə "Brutto müqavilə"nin özü gediş haqqını avtomatik artırmır. Gediş haqqının dəyişdirilməsi ayrıca tarif qərarı ilə müəyyən olunur. Buna görə də sistemin sərnişin üçün maliyyə baxımından necə nəticələnəcəyi gələcək tarif siyasətindən asılı olacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər