Kipr düyünü necə açılacaq? – Aİ-dən Türkiyə ilə bağlı YENİ TƏKLİF
Avropa İttifaqı (Aİ) Brüssel ilə Ankara arasındakı münasibətləri möhkəmləndirməklə Kipr məsələsinin həllinə müsbət töhfə verə bilər.
TodayPress TV xəbər verir ki, bunu Avropa Şurasının sədri Antonio Koşta Nikosiyada Kipr Respublikasının Prezidenti Nikos Xristodulidislə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Aydındır ki, vahid Avropaya vahid Kipr lazımdır. Biz dialoqun müəyyən edilmiş çərçivəsinə hörmət edirik və mən Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birlikdə artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kipr probleminin həllinə, o cümlədən Aİ ilə Türkiyə arasındakı münasibətlərin möhkəmləndirilməsi yolu ilə müsbət töhfə verməyə hazır olduğumuzu bildirmişik”, - deyə Koşta qeyd edib.
Xristodulidis Koşta ilə həmçinin 2028-2034-cü illər üçün Aİ büdcəsini, Ukraynadakı vəziyyəti, Aİ-nin genişlənməsi məsələlərini, Avropa birliyinin Yaxın Şərq regionu ölkələri ilə əlaqələrinin inkişafını, ümumi bazarın möhkəmləndirilməsini və Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, eləcə də Kiprin Şengen sazişinin tam əhatə dairəsinə daxil olması perspektivlərini müzakirə edib.
Aysel Mətləb