“40–50 dollarlıq xam neft görə bilərik” – ABŞ Maliyyə naziri
ABŞ-nin maliyyə naziri Skott Bessent qlobal bazarda xam neftin həddindən artıq təklifi nəticəsində qiymətin bir barelə görə 40 dollara qədər düşə biləcəyini proqnozlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə o, Stiv Bannonun “War Room” podkastında bildirib.
“Əslində, hesab edirəm ki, bundan sonra neft bazarında təklif həddindən artıq çox olacaq. Bəlkə də 40–50 dollarlıq xam neft görə bilərik”, - deyə Bessent vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni tədbirlərin tərkib hissəsi olaraq ABŞ hələ də İranla ticarət edən banklara qarşı sanksiyaları artırır.
“İranla əlaqəli daha bir banka sanksiya tətbiq etmişik. Keçən həftə rejimə 1,8 milyard dollar verən və Dubayda beş filialı olan bir Misir bankına sanksiya qoyduq. Bu gün başqa bir banka sanksiya tətbiq edəcəyik və böyük ehtimalla gələn həftə də digər bir banka sanksiya tətbiq edəcəyik. Qərəzli tərəflərin kim olduğunu bilirik. Özünüz də kim olduğunuzu bilirsiniz. Hər şey bitdi”, – deyə o xəbərdarlıq edib.
Aysel Mətləb