Sisianovun aqibətini ruslara xatırlatmaq lazımdır - Generalların sonu...

Sisianovun aqibətini ruslara xatırlatmaq lazımdır - Generalların sonu...
04.09.2026 13:32 Təhlil

“Rusların həqarətlə “kloun”, “aktyor” deyib ələ saldıqları, güldükləri Volodimir Zelenski və Ukrayna Ordusu Putin Rusiyasını sözün bütün mənalarında və bütün istiqamətlərdə peşman edir”.

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Bəybala Mirzə deyib.

Analitik bildirib ki, Ukrayna son dövrlər Rusiyaya qarşı həm hərbi, həm də xüsusi əməliyyatlar istiqamətində ciddi təzyiq göstərir:

“Bir yandan Zelenski Rusiyanın hava məkanını bağladıqlarını elan edir və nəticədə Rusiyanın sərnişin təyyarələrinin uçuş qrafiki bir günün içərisində tamamilə iflic olur, digər tərəfdən isə Ukraynanın xüsusi təlim keçmiş emissarları növbəti rus generalını öz evinin yaxınlığında güllələyir.

Nə general sıradan bir generaldır, nə də bu güllələmə aktı adi bir cinayət hadisəsidir.

Bu, aylarla hazırlanmış xüsusi bir qisas əməliyyatıdır. Güllələnən general isə sıravi, dinc ukraynalıların bombalanmasında, öldürülməsində xüsusilə fərqlənmiş, aşırı fəallıq göstərmiş yüksək rütbəli rus zabitlərindən biridir.

Söhbət Rusiya Aerokosmik Qüvvələrinin zabiti, general Nikolay Varpaxoviçdən gedir”.

Onun sözlərinə görə, motosikletçinin açdığı atəş nəticəsində qarnından və başından yaralanan və ağır vəziyyətdə Moskvaya aparılan Nikolay Varpaxoviç Ukrayna hüquq-mühafizə orqanlarının “qara siyahı”sında adı keçən rus zabitlərindəndir.

“O, 28 aprel 2023-cü ildə Uman şəhərində yaşayış binasına raket zərbəsi endirməkdə şübhəli bilinir. Həmin zərbə nəticəsində altı uşaq da daxil olmaqla 24 nəfər həlak olub.

Varpaxoviç həmçinin 8 iyul 2024-cü ildə Kiyevdəki “Oxmatdet” Uşaq Xəstəxanasına edilən dəhşətli raket hücumunda da şübhəli bilinir.

Və bu da vəhşiliyin sonu!

İnsanlığa qənim kəsilən şovinist-millətçi rus generalları bu cür legitim qisas hədəflərinə çevrilməlidirlər ki, bəlkə psixoz vəziyyətindən ayılıb dayanarlar”.

Analitik  vurğulayıb ki,  Rusiya tarixində hərbi məğlubiyyət və yüksək rütbəli zabitlərin öldürülməsi ilə bağlı hadisələrə yanaşma da diqqət çəkir:

“Çox təəssüf ki, tarix rus generallarına heç nəyi öyrətmir. Çünki ruslar tarixdən ibrət almağı bacarmayan millətdir. Rus tarixi real faktlara yox, pafoslu təbliğata, şar kimi üfürülmüş ifrat patriotizmə söykənir. Odur ki, generalların öldürülməsi faktlarına heç bir Rusiya dərsliyində rast gələ bilməzsiniz”.

O, həmçinin 8 fevral 1806-cı ildə Bakı xanlığının işğalı cəhdi zamanı İçərişəhərin Qoşa Qala qapısı yaxınlığında başı kəsilən Rusiya imperiyasının Qafqazdakı qoşunlarının baş komandanı, general Pavel Sisianovun aqibətini də ruslara xatırlatmağın faydalı olduğunu bildirib.

“Biz ruslara ilk ibrət dərsi verən xalqlardanıq”, - siyasi şərhçi  fikrini tamamlayıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər