Ankara seçim qarşısında: Rusiyanın S-400-ləri, yoxsa ABŞ-nin F-35-ləri?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən zirvə toplantısında Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Ərdoğan jurnalistlərin Rusiyadan alınan S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə mümkün satışı məsələsinin görüşdə müzakirə edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən bildirib ki, ikitərəfli gündəlikdəki bütün məsələlər müzakirə edilib.
S-400-lərin mümkün satışı məsələsi isə Türkiyənin ABŞ ilə F-35 proqramı çərçivəsində yaşadığı problemlər fonunda gündəmə gəlib. Daha əvvəl Türkiyə mətbuatında S-400-lərin üçüncü ölkəyə satıla biləcəyi ilə bağlı iddialar yayılmışdı. Bildirilirdi ki, bu addım Türkiyə ilə ABŞ arasında F-35 proqramı ilə bağlı yaranmış problemlərin həllinə imkan yarada bilər.
“Bildiyiniz kimi, Türkiyə F-35 proqramının tərəfdaşlarından biri olub. O, bu proqrama əhəmiyyətli töhfə verib. Türkiyənin yenidən proqrama daxil edilməsi ilə bağlı danışıqlar davam edir. Hesab edirik ki, Amerikada müəyyən proseslər başa çatdıqdan sonra bu məsələ həllini tapacaq”, - deyə Türkiyə lideri əlavə edib.
Maraqlıdır, S-400-lərin üçüncü ölkəyə satılması Türkiyənin F-35 proqramına qayıtmasının qarşısındakı əsas maneəni aradan qaldıra bilərmi? Ankara S-400 məsələsində geri addım atarsa, bu, Türkiyə-ABŞ münasibətlərinə necə təsir edər?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə açıqlama verib.

O vurğulayıb ki, S-400 məsələsi Türkiyə üçün strateji məsələdir. Çünki məhz buna görə Türkiyə F-35 proqramından çıxarılıb, ABŞ və Türkiyə arasında münasibətlər gərginləşib. Ekspert həmçinin hesab edir ki, S-400-lərin üçüncü ölkəyə verilməsi məsələsi ilə bağlı müəyyən razılıq əldə oluna bilər.
“Ümumiyyətlə, Türkiyə və Rusiya arasında xüsusi münasibətlər var. Bu münasibətlərdə liderlərin şəxsi əlaqələri, həmçinin Moskvanın düşdüyü çətin iqtisadi durum və Ankara ilə iqtisadi əlaqələri fonunda normallaşma prosesi davam edir. Əgər Türkiyə S-400-lərlə bağlı Rusiyanın mövqeyi ilə razılaşsa, ABŞ və Türkiyə arasındakı əlaqələr pisləşə və yenidən böhran vəziyyətinə gələ bilər”, - deyə M. Əsədullazadə izah edib.
Siyasi şərhçinin fikrincə, Türkiyə zenit-raket kompleksləri ilə bağlı Rusiya ilə danışıqları yenidən aparacaq. Çünki S-400-lər üçüncü ölkəyə verilməsə, Amerika Türkiyəni F-35 proqramına qoşmayacaq. Türkiyə üçün əsas məsələ isə F-35-ləri əldə etmək və bu proqrama qoşulmaqdır.
Aysel Mətləb