İranın sentyabr ssenarisi: İsrailin bayramı qara gələcək ?
İranla İsrail arasında yeni genişmiqyaslı müharibə təhlükəsi yenidən gündəmə gəlib. İsrail tərəfi Tehranın yəhudi Yeni ili – Roş-Ha-Şana günlərində ölkəyə genişmiqyaslı zərbə endirə biləcəyini iddia edir. İsrail mətbuatında mümkün eskalasiya üçün 11–13 sentyabr tarixləri göstərilir. Həmçinin İranda daxili qarşıdurma və əhali üsyanlarının da yenidən alovlanacağı iddiaları yayılıb.
Maraqlıdır, yenidən qarşıdurma ehtimalı varmı və bu baş verərsə, əvvəlkindən necə fərqlənəcək?
Sözügedən məsələ ilə bağlı politoloq Sədrəddin Soltan TodayPress TV-yə danışıb.

Analitik qeyd edib ki, ABŞ ilə İran arasında sülh sazişi imzalanmayana qədər müharibə, yaxud hərbi gərginlik məsələsi daim gündəmdə qalacaq:
"Roş-Ha-şana bayramı günlərində İranın İsrailə hansısa formada zərbə endirməsi mümkündür. Ancaq bu hücum birbaşa İran tərəfindən deyil, Livandakı Hizbullah, Yəməndəki husilər və ya Qəzza zolağında HƏMAS-dan ayrılan silahlı qruplar tərəfindən həyata keçirilə bilər. Amma sirr deyil ki, İranın indiki məqamda İsrailə bayram günlərində birbaşa hücum etməsi ehtimalı aşağıdır. Çünki belə bir addımın ağır nəticələri ola və İranın qlobal miqyasda daha çox ittiham olunmasına səbəb ola bilər. Bu baxımdan, İranın Yeni il bayramı günlərində İsraili bombalaması ehtimalı o qədər də yüksək deyil".
Politoloqun qənaətincə, digər tərəfdən, İran daxilində etiraz aksiyalarının və hakimiyyətlə etirazçı qüvvələr arasında qarşıdurmanın baş verməsi də istisna edilmir:
"Çünki ötən ilin dekabrının sonundan bu ilin yanvarının ortalarınadək İranda çoxsaylı etiraz aksiyaları keçirildi. Bu aksiyalarda səsləndirilən tələblər isə hələ də həyata keçirilməyib. İsrail-İran və ABŞ-İran müharibələri ölkədə mövcud problemləri daha da dərinləşdirib və yenilərini meydana çıxarıb".
Jalə Rövşən