Dini fanatizm səbəbindən dövlətlərin verdiyi qurbanlar
Bir dövləti hər zaman kənardan gələn düşmən yıxmır. Bunun ən yayğın yolu cəmiyyət daxilində müəyyən qüvvələrin cücərtdiyi radikal ideologiyaların, gözübağlı dini fanatizmin təsiri altına düşmək və addım-addım özünü məhvə aparmaqdır. İdarəetməyə soyuq ağıl, real maraqlar deyil, radikal ideyalar hakim kəsiləndə dövlət faktiki olaraq öz gələcəyini, insanını və iqtisadiyyatını boş xəyallara qurban verir.
Radikalizm dövlət siyasətinə çevriləndə ilk olaraq diplomatik masanı və praqmatik ağlı darmadağın edir. “Ya mənimləsən, ya da düşmənim” məntiqi dövlətləri öz resurslarını son damlasınadək absurd müharibələrdə yandırmağa məcbur edir.
Alman knyazlıqları və Otuzillik müharibə (1618–1648) buna nümunədir. Katolik və protestant radikalizminin toqquşması Avropanın mərkəzində dəhşətli bir demoqrafik genosid yaratdı. Almaniya knyazlıqlarında bəzi bölgələrin əhalisi 50–60 faiz azaldı. Kənd təsərrüfatı çökdü, elə ərazilər var idi ki, adamyeyənlik halları qeydə alınırdı. Məhz dini radikalizmin dövlətləri kor etməsi yüzlərlə kəndi və şəhəri xəritədən sildi, regionun inkişafını tam 100 il geriyə saldı.

Səfəvi–Osmanlı məzhəb savaşları da (XVI–XVII əsrlər) ideoloji-dini radikalizmin xarici siyasətə hakim olmasının nəticələrini göstərir. Yaxın Şərqdə iki böyük imperiyanı bir-birinə qırdıran bu qarşıdurmalarda Çaldıran, Çıldır və digər böyük döyüşlərdə hər iki tərəf on minlərlə təcrübəli əsgərini və resursunu itirdi. Ən acınacaqlısı isə o idi ki, bu iki qüdrətli dövlət bir-birini zəiflədərkən, Avropa Böyük Coğrafi Kəşflərlə beynəlxalq ticarət yollarını okeanlara keçirdi. Həm Səfəvilər, həm də Osmanlı İpək Yolu üzərindəki iqtisadi üstünlüyünü məhz bu ideoloji inadkarlıq ucbatından itirdi.

Xarəzmşah Əlaəddin Məhəmmədin radikal dini iddiaları və fanatik dini kəsimin təzyiqi altında monqol elçilərini və ticarət karvanını — Otrar faciəsində — qətlə yetirməsi bir imperiyanın sonunu gətirdi. Soyuqqanlı diplomatiya yerinə radikal qürur və fanatizm seçildi; nəticədə Buxara, Səmərqənd və Urgenç kimi bəşəriyyətin elm mərkəzləri olan şəhərlər yerlə-yeksan edildi.

Radikal cərəyanlar cəmiyyətə və dövlətə hakim kəsildikdə daxili təmizləmələr başlayır. Çünki radikalizm azad düşüncədən, sorğu-sual edən beyinlərdən qorxur.
1492-ci il İspaniyası və inkvizisiya. Rekonkistadan sonra İspaniya krallığı radikal xristian ideologiyasını əsas götürərək ölkədəki yüz minlərlə yəhudi və Əndəlüs müsəlmanını (moriskoları) ya zorla din dəyişməyə, ya da ölkədən qaçmağa məcbur etdi. Nəticə nə oldu? İspaniya özünün ən savadlı həkimlərini, riyaziyyatçılarını, tacirlərini və sənətkarlarını itirdi. Amerikadan gələn tonlarla qızıl-gümüşə baxmayaraq, İspaniya iqtisadiyyatı intellektual baza olmadığı üçün çökməyə başladı.

Elə götürək, Əfqanıstanın “Qızıl dövrü”nün məhvini. 1960–70-ci illərdə Kabula baxsaq, universitetdə təhsil alan qadınlar, xarici elm adamları ilə əməkdaşlıq edən professorlar görərdik. Lakin radikal ideologiyalar və dini radikalizm ölkəni cənginə alandan sonra ilk hədəf məhz həmin ziyalılar oldu. Həkimlər, mühəndislər, müəllimlər ölkəni tərk etdi. Bu gün Əfqanıstan bütöv bir nəsil ziyalısını itirdiyi üçün dünyanın ən təcrid olunmuş və kasıb ölkələri siyahısındadır.

İranın 1979-cu il İslam inqilabından sonra formalaşan siyasi sistemi dini ideologiyanın dövlət idarəçiliyinə və xarici siyasətə təsirini aydın göstərir. Teokratik idarəçilik, ABŞ-la uzunmüddətli qarşıdurma və regional siyasətdə sərt xətt ölkənin beynəlxalq münasibətlərini mürəkkəbləşdirib. Nüvə proqramı, regional silahlı qruplaşmalara dəstək və insan hüquqları ilə bağlı mübahisələr İrana qarşı beynəlxalq sanksiyaların genişlənməsinə yol açıb. Məhdudiyyətlər neft ixracına, maliyyə əməliyyatlarına və xarici investisiyalara təsir göstərərək iqtisadi imkanları daraldıb. Sanksiyalarla yanaşı, idarəetmə və iqtisadi siyasət sahəsindəki problemlər də ölkənin çətinliklərini dərinləşdirib. Beləliklə, ideoloji prioritetlərin milli və iqtisadi maraqlarla toqquşması dövlətin inkişaf imkanlarını məhdudlaşdıran amillərdən birinə çevrilib.

İqtisadiyyat da ideoloji şüarlarla işləmir; o, sabitlik, hüquq və xarici kapital tələb edir. Radikalizm isə bütün bunları bir anın içində məhv edir.
İraq və Suriyada o bərəkətli torpaqların xarabalığa çevrilməsini xatırlayın...İŞİD radikal qruplaşması 2014-cü ildə İraqın ikinci böyük şəhəri olan Musulu və Suriyanın Rəqqə şəhərini ələ keçirəndə ölkələrin iqtisadiyyatına sağalmaz yara vurdu. Yalnız Musulun azad edilməsi əməliyyatında şəhərin infrastrukturuna 15 milyard dollardan çox ziyan dəydi. Suriyada isə vətəndaş müharibəsi və radikalizmin yayılması nəticəsində ölkənin ümumi daxili məhsulu 70 faizdən çox kiçildi, milyonlarla insan qaçqına çevrildi.

Bu proses hərtərəfli çöküşə aparır. Radikal şüarlarla beynəlxalq hüququ saymayan, qonşularına qarşı radikal dini və ideoloji təhdidlər səsləndirən dövlətlər tezliklə beynəlxalq sanksiyalar halqasına düşür. Nəticədə xarici investisiyalar sıfırlanır, milli valyuta dəyərdən düşür və dövlət büdcəsi inkişafa deyil, sadəcə “sağ qalmağa” xərclənir.
Sadaladığımız nümunələr tək bir acı həqiqətə işarə edir: radikalizmin tələsinə düşən cəmiyyətlərdə ilk qurban dövlətin özü olur.
Şüarlar keçicidir, fanatizm dalğası gec-tez səngiyir. Amma geridə qalan dağılmış şəhərləri, itirilmiş nəsilləri və çökdürülmüş iqtisadiyyatı bərpa etmək üçün onilliklər lazım gəlir. Dövlətlərin həqiqi gücü radikal ideologiyalarda deyil; güclü elm və təhsildə, praqmatik xarici siyasətdə və dünyəvi idarəetmə sütunlarındadır. Azərbaycanın dövlətçilik modeli də məhz bu prinsiplərə — dünyəviliyə, milli maraqlara, güclü dövlət institutlarına və praqmatik siyasətə söykənir. Ölkədə formalaşmış idarəetmə sistemi, hüquq-mühafizə və təhlükəsizlik strukturları, eləcə də təhsil və maarifçilik ənənələri dini radikalizmin cəmiyyətə və dövlətə təsir göstərməsinin qarşısını almaq baxımından mühüm rol oynayır. Azərbaycanın möhkəm dövlətçilik təməli var və hər hansı radikal dini ideologiyanın ölkənin sabitliyini, milli birliyini və gələcək inkişafını sarsıtmasına imkan verilmir. Bu möhkəmliyin arxasında güclü dövlət institutları, milli maraqlara əsaslanan siyasət, cəmiyyətin sağlam düşüncəsi, elm və təhsil, milli dəyərlərlə dünyəvi prinsiplərin uzlaşması dayanır.

Jalə Rövşən