Futboldakı davaya görə Ərdoğanın zəngi…

Futboldakı davaya görə Ərdoğanın zəngi…
27.11.2026 20:04 Siyasət

Futbol bəzən 90 dəqiqəlik oyundan daha böyük mənzərəni ortaya qoyur. Amma bu mənzərədə idmanın ruhu, azarkeşlərin təhlükəsizliyi və siyasi gərginlik bir-birinə qarışanda ortaya heç də xoş olmayan mənzərə çıxır.

Gürcüstanın Batum şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşması da məhz belə hadisələrdən biri ilə yadda qaldı. UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində baş tutan oyunun 25-ci dəqiqəsində tribunalarda Fələstin bayrağı və dəstək pankartı açıldıqdan sonra gərginlik yaşandı. Yerli polis türkiyəli azarkeşləri vəhşicəsinə döydü, gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə etdi. Nəticədə qarşılaşma müvəqqəti dayandırıldı, xəsarət alan azarkeşlər xəstəxanaya yerləşdirildi.

Hadisə Türkiyədə ciddi narazılıq doğurdu. Türkiyənin xarici işlər naziri Hakan Fidan məsələ ilə bağlı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı apardı. Türkiyə tərəfi Batumdakı diplomatik nümayəndəliklərin hadisəni izlədiyini, vətəndaşların təhlükəsizliyi və hüquqlarının qorunması üçün tədbirlər görüldüyünü bildirdi.

Prezident Rəcəb Tayyib Ərdoğan da prosesə biganə qalmadı. O, “Beşiktaş”ın prezidenti Sərdar Adalı ilə telefon danışığında hadisələri yaxından izlədiyini bildirərək klub rəhbərliyinə və azarkeşlərə “keçmiş olsun” diləyini çatdırdı.

Bütün bunlar baş verərkən futbol meydanında da diqqətçəkən məqam yaşandı. “Beşiktaş”ın futbolçusu Kassoum Ouattara oyun bitdikdən dərhal sonra Fələstin bayrağını tribunadan götürərək reklam lövhəsinə asdı. Bu hərəkət matç ərzində bayraq ətrafında yaranan gərginlikdən sonra xüsusi diqqət çəkdi.

Oyunun son dəqiqələrində futbolçular arasında da gərginlik yaşandı.

Bütün bu hadisələr bir sualı yenidən gündəmə gətirir: Futbol meydanı niyə siyasi qarşıdurmaların nümayiş olunduğu platformaya çevrilməlidir?

Futbol idmandır. Onun əsas mahiyyəti oyun olmasıdır - komanda ruhudur və azarkeşlərin sevinci/üzüntüsüdür. Stadionlar insanların siyasi baxışlarına, milliyyətinə, cinsi, dini və irqi mənsubiyyətinə görə qarşıdurmaların baş verdiyi məkanlara çevrilməməlidir.

Əlbəttə, insanların öz mövqelərini ifadə etmək hüququ var. Humanitar məsələlərə münasibət bildirmək də şəxsi seçimdir. Ancaq bu, zorakılığa və təhlükəsizliyin pozulmasına bəraət qazandırmır.

Meydanda futbol oynanılmalı, tribunada azarkeşlik edilməli, təhlükəsizlik qüvvələri isə hər kəsin hüquqlarını qorumaq üçün fəaliyyət göstərməlidir.

Çünki bu, yalnız və yalnız oyundur!

Vəssalam!

Axar.az (Didəm Qədirova)

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər