Meksika Vaşinqtona nota verdi: "Münasibət tabeçilik deyil"
Meksika hakimiyyəti Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Meksika narkokartelləri haqqında məlumat toplamaq üçün qaynar xətt açması ilə əlaqədar ABŞ-yə rəsmi şikayət göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında məlumat verib.
“Meksikanın xarici işlər naziri Roberto Velasko Alvares Meksikadakı ABŞ səfiri Ronald Conson ilə əlaqə saxlayaraq, bu vəziyyətlə bağlı rəsmi şikayətini bildirib. Səfir məsələni araşdıracağını deyib”, – deyə dövlət başçısı qeyd edib.
Şeynbaum vurğulayıb ki, Meksika tərəfi öz suverenliyini qorumaq üçün Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinin bu cür bəyanatlarına reaksiya verməyə borcludur:
“Biz çox aydın şəkildə bildirmişik ki, ABŞ ilə münasibətlər tabeçilik deyil, koordinasiya və əməkdaşlıq prinsipləri əsasında qurulur”, – deyə prezident bildirib və Vaşinqtonu öz ərazisində narkotik vasitələrin istehlakına qarşı mübarizəyə diqqət yetirməyə çağırıb.
Aysel Mətləb