Almaniya Rusiyanın “maskasını cırdı”: Moskva İrəvana qarşı hansı gizli kartları işə salacaq?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı açıqlamalarını ölkənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib.
Zaxarova noyabrın 26-da keçirdiyi brifinqdə bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti regionda Rusiyanın mövqelərini zəiflətməyə və yeni gərginlik ocaqları yaratmağa hesablanıb.
Rusiya XİN rəsmisi vurğulayıb ki, Ermənistanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı qərarı yalnız erməni xalqı müstəqil şəkildə verməlidir və kənar ölkələrin bu məsələyə müdaxiləsi yolverilməzdir.
“Almaniyalı rəsminin Ermənistan Konstitusiyası ilə bağlı mülahizələri suveren dövlətin daxili işlərinə açıq və kobud müdaxilədən başqa bir şey deyil. Bu cür qərarları Ermənistan xalqı heç kimin müdaxiləsi və kənardan verilən istənilməyən məsləhətlər olmadan, müstəqil şəkildə qəbul etməlidir. Üstəlik, üzr istəyirəm, bu məsələ Almaniyaya ümumiyyətlə aid deyil”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Maraqlıdır, bəs Vadefulun açıqlaması niyə Rusiyanı qıcıqlandırıb?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə analitik Bakir Həsənbəyli Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Ermənistan Konstitusiyasında dəyişikliklərin zəruriliyi ilə bağlı açıqlamasını və Rusiyanın buna reaksiyasını şərh edib.
Onun sözlərinə görə, Vadefulun 21 noyabr 2026-cı ildə ölkəsinin mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması baxımından Konstitusiya dəyişikliyinin vacibliyini bir daha gündəmə gətirib. Almaniya XİN rəhbəri Cənubi Qafqazda vəziyyətin müsbət məcrada inkişaf etdiyini və tərəflərin əsas məsələlərdə razılığa gəldiyini qeyd etməklə yanaşı, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin vacibliyini vurğulayıb. O, bu dəyişikliklərin Ermənistanın daxili işi olduğunu etiraf etsə də, Avropanın prosesə və regionda sabitliyə dəstək verməsinin önəmini qeyd edib.
Vadefulun açıqlamasından iki gün sonra – noyabrın 23-də Ermənistan hökumətinin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi də diqqət çəkib. Layihədən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb.
Analitikin fikrincə, Rusiyanın Almaniya XİN rəhbərinin açıqlamasına reaksiyasının arxasında Moskvanın Cənubi Qafqazdakı mövqelərini qorumaq və Qərbin regionda təsir imkanlarının genişlənməsinə mane olmaq niyyəti dayanır:
“Rusiya XİN-in sözçüsü Almaniya nazirinin Ermənistan Konstitusiyası ilə bağlı fikirlərini suveren dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək tənqid edib. Eyni zamanda, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı çağırışları Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib. Rusiyanın bu məsələdəki narahatlığının bir neçə əsas səbəbi var. Rusiya XİN-in mövqeyinə görə, Konstitusiya ilə bağlı qərarlar kənardan verilən təlimatlar olmadan, yalnız Ermənistan xalqı tərəfindən müstəqil şəkildə qəbul edilməlidir. Moskva Almaniya rəsmisinin bu məsələyə münasibət bildirməsini yersiz hesab edir. Zaxarova Almaniya XİN rəhbərinin Bakı və İrəvanın Avropa İttifaqına yaxınlaşması və konstitusiya dəyişikliyi ilə bağlı fikirlərinin arxasında Qərbin Rusiyanı regiondan uzaqlaşdırmaq niyyətinin dayandığını bildirir.
Rusiya regiondakı problemlərin Qərb dövlətlərinin deyil, bilavasitə region ölkələrinin iştirakı və regional məsuliyyət prinsipi əsasında, xüsusilə "3+3" formatı çərçivəsində həll edilməsini müdafiə edir”.
Analitikin sözlərinə görə, Moskva Ermənistanın yeni Konstitusiya layihəsinin qəbuluna və referendum prosesinə müxtəlif siyasi, iqtisadi və informasiya vasitələri ilə mane olmağa çalışa bilər:
“2026-cı ilin iyun seçkilərində hakim "Vətəndaş Müqaviləsi" partiyasının konstitusiya çoxluğu qazana bilməməsi və noyabr ayında yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması fonunda Moskvanın prosesə təsir imkanları bir neçə əsas istiqamətdə cəmləşir.
Ermənistan parlamentində hakim partiyanın konstitusiya çoxluğu olmadığı üçün referendumun təyin edilməsinə müxalifət deputatları mane ola bilərlər. Moskvaya yaxın müxalif qüvvələr Kremlin razılığı olmadan referendum təşəbbüsünə dəstək verməkdən imtina edərək prosesi parlament səviyyəsində dondura bilərlər.
Rusiya Ermənistanın ixracat bazarından və Avrasiya İqtisadi İttifaqındakı üzvlüyündən təzyiq aləti kimi istifadə edərək kənd təsərrüfatı və digər mallara müxtəlif embarqolar tətbiq edə bilər. Ölkənin qaz təchizatı, dəmir yolu şəbəkəsi və Metsamor Atom Elektrik Stansiyası ilə bağlı layihələrdə Rusiyanın payı İrəvana qarşı siyasi sövdələşmə predmetinə çevrilə bilər.
Moskva İrəvanın Aİİ-də qalıb-qalmaması və ya Avropa İttifaqına inteqrasiyası ilə bağlı ayrıca referendum keçirilməsini tələb edərək gündəmi dəyişməyə çalışa bilər. Rusiya yönümlü media resursları və sosial şəbəkələr vasitəsilə yeni Konstitusiya layihəsinin xarici təzyiq altında hazırlandığı və milli maraqlara zidd olduğu barədə təbliğat aparıla bilər.
Rusiya ərazisində yaşayan və Ermənistan pasportuna malik yüz minlərlə seçicinin mütəşəkkil şəkildə səsverməyə cəlb edilməsi referendumun nəticələrinə birbaşa təsir göstərə biləcək amillərdən biridir. Yeni layihədə Erməni Apostol Kilsəsinin statusu və dövlət rəmzləri ilə bağlı edilən dəyişikliklər cəmiyyətdəki mühafizəkar təbəqələri və kilsə dairələrini hökumətə qarşı etirazlara sövq etmək üçün istifadə oluna bilər”.
Qiymət Mahir