Böyük Britaniyanın ən böyük qaz anbarı bağlanır

Böyük Britaniyanın ən böyük qaz anbarı bağlanır
27.11.2026 22:13 Dünya

Böyük Britaniyanın ən böyük qaz anbarı olan “Rough” obyektin sahibi “Centrica” enerji şirkətinə hökumətin yardım göstərməkdən imtina etməsindən sonra bağlanmaq təhlükəsi ilə üzləşib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “Centrica” rəhbərliyi yaxın aylarda qaz anbarının bağlanması və yüzlərlə iş yerinin ixtisara düşməsi riskinin olduğunu xəbərdar edib. Bildirilir ki, şirkət milli enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, lakin gəlir gətirməyən obyektin xilas edilməsi üçün Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə təcili danışıqların aparılmasında israr edir.

Nəşrin məlumatına görə, “Centrica” hökumətə “Rough” qaz anbarına 2 milyard funt sterlinq (2,6 milyard dollar) məbləğində investisiyanın maliyyələşdirilməsini təklif edir. Şirkət ilkin investisiyaları öz üzərinə götürməyə hazırdır, lakin bu vəsaiti elektrik enerjisi üzrə məişət istehlakçılarının hesablarına daxil ediləcək məqsədli ödənişlər hesabına geri qaytarmağa ümid edir. “Centrica”da bildiriblər ki, hazırkı vəziyyətdə Böyük Britaniyanın ümumi qaz saxlama gücünün təxminən yarısını təşkil edən obyektin fəaliyyəti üçün yeni lisenziya almaq niyyətində deyillər. Mövcud lisenziyanın müddəti 2027-ci ilin aprelində başa çatır.

Xatırladaq ki, 2017-ci ildən istifadə olunmayan “Rough” qaz anbarı Böyük Britaniyada enerji böhranı fonunda 2022-ci ilin payızında fəaliyyətini qismən bərpa edib. Şimal dənizinin cənub hissəsində yerləşən obyekt ilk dəfə 1985-ci ildə istifadəyə verilib. Qaz anbarı 1,6 milyard kubmetrədək qaz saxlamaq gücünə malikdir.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər