Süni intellekt yazır, jurnalist imzasını qoyur: MŞ-nin sədrindən AÇIQLAMA

Süni intellekt yazır, jurnalist imzasını qoyur: MŞ-nin sədrindən AÇIQLAMA
27.11.2026 15:52 Təhlil

Süni intellektin media sahəsində geniş tətbiqi xəbər istehsalını sürətləndirməklə yanaşı, jurnalistikanın peşə etikası, müəlliflik hüququ və informasiyanın etibarlılığı ilə bağlı mübahisələr yaradır. Süni intellektlə hazırlanan mətnlərin jurnalistin şəxsi imzası ilə yayımlanması, xəbərlərin istinadsız paylaşılması, plagiat və saxta məlumatların yayılması media məsuliyyəti məsələsini yenidən gündəmə gətirir.

TodayPress TV-yə mövzu ilə bağlı açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, professor Vüqar Zifəroğlu bildirib ki, süni intellektin jurnalist fəaliyyətində köməkçi vasitə kimi istifadəsi müasir dövrün reallığıdır:

“Ondan məlumatların sistemləşdirilməsi, mətnlərin ilkin hazırlanması, tərcümə, redaktə və analitik materialların işlənməsi prosesində yararlanmaq mümkündür. Ancaq burada əsas meyar texnologiyadan istifadə faktı deyil, jurnalistin həmin material üzərindəki intellektual və peşəkar məsuliyyətidir.

Əgər jurnalist süni intellektin hazırladığı mətni heç bir ciddi yoxlama aparmadan, faktları dəqiqləşdirmədən və məzmunu peşəkar süzgəcdən keçirmədən öz imzası ilə yayımlayırsa, bu, jurnalistikanın etik prinsipləri ilə uzlaşmır. Çünki jurnalistin imzası yalnız müəlliflik göstəricisi deyil, eyni zamanda təqdim olunan informasiyanın doğruluğuna və etibarlılığına görə məsuliyyətin ifadəsidir.

Burada əsas məsələ jurnalistin materiala nə dərəcədə yaradıcı töhfə verməsi, onun faktoloji əsaslarını yoxlaması və məzmununa görə məsuliyyət daşımasıdır.

Süni intellektin iştirakı ilə hazırlanmış materialların xarakterindən və bu texnologiyanın mətnin formalaşmasında oynadığı roldan asılı olaraq, auditoriyanın məlumatlandırılması da təmin edilməlidir. Xüsusilə, məzmunun böyük hissəsi generativ süni intellekt tərəfindən yaradılıbsa, bu faktın gizlədilməsi ictimai etimad baxımından doğru deyil”.

V.Zifəroğlu yanlış məlumatların, saxta sitatların yayılması və müəlliflik hüquqlarının pozulması hallarında hüquqi və etik məsuliyyətin kim tərəfindən daşınması məsələsinə də aydınlıq gətirib:

“Burada məsuliyyəti yalnız bir subyektin üzərinə qoymaq doğru deyil. Məsuliyyət konkret pozuntunun xarakterinə, onun yaranma səbəbinə və media qurumunda mövcud olan redaksiya nəzarəti mexanizmlərinə uyğun müəyyənləşdirilməlidir.

Bir məqamı xüsusi vurğulamaq istərdim: süni intellekt hüquqi və etik məsuliyyətin daşıyıcısı deyil. O, texniki vasitədir. Bu vasitənin yaratdığı nəticəni yoxlamaq, qiymətləndirmək və ictimaiyyətə təqdim etmək isə insanın və media institutunun öhdəliyidir.

Jurnalist təqdim etdiyi materialdakı faktların, sitatların və istinadların doğruluğunu yoxlamalıdır. Redaktor yayıma təqdim olunan məzmunun peşə standartlarına uyğunluğuna nəzarət etməli, media qurumu isə süni intellektdən istifadənin qaydalarını müəyyənləşdirməli, effektiv redaksiya nəzarəti və hüquqi təminat mexanizmləri yaratmalıdır.

Beləliklə, burada fərdi və institusional məsuliyyət paralel şəkildə nəzərdən keçirilməlidir. Jurnalistin diqqətsizliyi, redaktorun nəzarətsizliyi və media qurumunun institusional boşluqları fərqli məsuliyyət əsasları yarada bilər.

Xüsusilə saxta sitatların yayılması ciddi etik problemdir. Çünki sitat jurnalist materialında konkret şəxsə aid edilən mövqenin ifadəsidir. Süni intellektin olmayan fikri hansısa şəxsin adından təqdim etməsi həmin şəxsin nüfuzuna zərər vura, ictimai rəyi manipulyasiya edə bilər.

Ona görə də media qurumları süni intellektin yaratdığı hər hansı faktın, sitatın və istinadın avtomatik olaraq doğru qəbul edilməsinə yol verməməlidir. Jurnalistikanın məsuliyyəti alqoritmə ötürülə bilməz”.

O həmçinin mediada istinadsız xəbərlərin yayılmasının və süni intellekt vasitəsilə plagiat hallarının qarşısının alınması üçün media qurumlarının qarşısında duran əsas tələblərdən danışıb:

“Müasir informasiya mühitində bu məsələ artıq təkcə fərdi jurnalistin peşə intizamı ilə məhdudlaşmır. Media qurumlarının redaksiya siyasətində süni intellektdən istifadənin etik və hüquqi çərçivəsi müəyyənləşdirilməlidir.

Bu istiqamətdə bir neçə fundamental tələb ön plana çəkilə bilər. Məsələn, süni intellektdən istifadə ilə bağlı redaksiya qaydalarının hazırlanması kimi. Hər bir media qurumu jurnalistlərin hansı hallarda, hansı məqsədlərlə və hansı məhdudiyyətlər daxilində süni intellektdən yararlana biləcəyini müəyyənləşdirməlidir.

Digər vacib məqam istinad və mənbə mədəniyyətinin qorunmasıdır. Süni intellektin təqdim etdiyi məlumatlar ilkin mənbələrlə tutuşdurulmalı, xəbər və araşdırmalarda istifadə olunan faktların mənşəyi müəyyənləşdirilməlidir. Mənbəsi təsdiqlənməyən məlumatın xəbər kimi təqdim olunması yolverilməzdir.

Başqa önəmli xüsus odur ki, müəlliflik hüquqlarının qorunması təmin edilməlidir. Süni intellekt vasitəsilə başqa müəlliflərin mətnlərinin, araşdırmalarının və yaradıcılıq məhsullarının mənimsənilməsi, mənbə göstərilmədən yenidən təqdim olunması plagiat riskini artırır. Bu səbəbdən media qurumları müəlliflik hüquqlarına riayət olunmasına dair daxili nəzarət mexanizmləri yaratmalıdır.

Ən əsas məqam – faktoloji yoxlama məcburi redaksiya proseduruna çevrilməlidir. Xüsusilə adlar, tarixlər, rəqəmlər, statistik göstəricilər, ekspert rəyləri və birbaşa sitatlar dərc olunmazdan əvvəl ilkin mənbələr əsasında yoxlanılmalıdır.

Birmənalı olaraq vurğulamaq lazımdır ki, jurnalistlərin süni intellekt savadlılığı artırılmalıdır. Jurnalist yalnız bu texnologiyadan istifadə etməyi deyil, onun məhdudiyyətlərini, manipulyasiya imkanlarını, yanlış informasiya yaratmaq risklərini və müəlliflik hüququ ilə bağlı problemləri də bilməlidir.

Bütün bunlarla yanaşı, süni intellektdən istifadə adı altında jurnalistikanın əsas peşə standartlarının zəiflədilməsinə yol verilməməlidir. Texnoloji yeniliklər media fəaliyyətinin keyfiyyətini artırmalı, onu məsuliyyətdən azad edən vasitəyə çevrilməməlidir”.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər