Səsini aldılar, üzünü örtdülər, indi də adını sildilər: Əfqanıstanda qadını belə yox edirlər...

Səsini aldılar, üzünü örtdülər, indi də adını sildilər: Əfqanıstanda qadını belə yox edirlər...
28.11.2026 18:46 Araşdırma

Son günlərdə dünyanı yenidən sarsıdan xəbər gəldi. Əfqanıstanın şimalındakı Bəlx vilayətində "Taliban" rəsmiləri xəstəxanalara, klinikalara və dövlət idarələrinə göstəriş verib: qadınların adlarını sənədlərdən, tibbi kartlardan və reseptlərdən silin. Onların yerinə “Bibi” yazın.


“Bibi” dəri və paşto dillərində nənə, yaşlı qadın mənasını verir. Bəzi hallarda isə qadınlara “keçi” və ya “inək” kimi təhqiredici sözlərlə müraciət olunduğu da bildirilir. “Zan Times” və “The Guardian”ın birgə araşdırmasına görə, bu göstəriş hələ 2026-cı ilin mayında verilib, lakin xəbərlər noyabrın sonlarında geniş yayıldı. Hələlik yalnız Bəlx vilayəti ilə məhdudlaşır, amma hüquq müdafiəçiləri xəbərdarlıq edir ki, "Taliban" əvvəllər də yerli qadağaları bütün ölkəyə yayırdı.

Adı silmək insanı insan kimi tanımaqdan imtina etmək deməkdir. Bəzi mənbələrə görə, qadınlar artıq “filankəsin arvadı” və ya “filankəsin qızı” kimi qeyd olunur. Əslində, Əfqanıstanda uzun illərdir, mövcud olan ənənə var. Qadın adları toy dəvətnamələrinə və qəbir daşlarına yazılmaz. İndi bunu rəsmi siyasətə çevirirlər.

“Taliban”ın 2021-ci ildən bəri hansı qadağaları tətbiq edib?

2021-ci ilin avqustunda “Taliban” yenidən hakimiyyətə gəldikdən sonra qadınlara qarşı yüzdən artıq fərman və göstəriş verildi. Femena təşkilatının hesablamalarına görə, bu rəqəm 144-ü keçib. Bunlar tədricən, addım-addım gəlib və hər dəfə “müvəqqəti” və ya “təhlükəsizlik üçün” deyə təqdim edilib. Amma heç biri geri götürülmədi.


2021-ci ilin sentyabrından qızların orta məktəbə (6-cı sinifdən yuxarı) getməsi dayandırıldı. 2022-ci ilin dekabrında isə universitetlər qapandı. 2024-cü ilin sonunda tibb, mamaçılıq və tibb bacılığı təhsili də qadağan olundu. Bu gün Əfqanıstan dünyada 12 yaşdan yuxarı qızların oxuya bilmədiyi yeganə ölkədir. Təxminən 1,4 milyon qız orta təhsildən məhrum edilib.


Dövlət idarələrində, banklarda, NGO-larda və BMT qurumlarında qadınların işləməsi qadağan edildi. 2023-cü ildə gözəllik salonları bağlandı — təxminən 60 min qadın son gəlir mənbəyini itirdi. Nəticədə qadınların əmək bazarındakı iştirakı kəskin azaldı.

Qadınlar məhrəm (yaxın kişi qohum) olmadan uzaq məsafələrə səyahət edə bilmir. Parklara, idman zallarına, hovuzlara giriş qadağandır. 2022-ci ildən üzünü tam örtmək (burqa və ya niqab) məcburi edildi. 2024-cü ildə isə ictimai yerdə qadın səsinin eşidilməsi belə məhdudlaşdırıldı. Kişi həkimlərin qadın xəstələri müalicə etməsinə məhdudiyyətlər qoyulur. Qadın tibb işçilərinin sayı isə azalır, çünki yeni kadr hazırlığı dayandırılıb. Bu, xüsusilə doğuş və təcili hallarda ciddi təhlükə yaradır.


Bu siyasət artıq “gender apartheidi” kimi qiymətləndirilir. BMT və bir çox beynəlxalq təşkilatlar vəziyyəti belə adlandırır. Qadınlar evdə qalmağa, səssiz qalmağa və “görünməməyə” məcbur edilir.

Gündəlik həyat ağırdır. Bir çox qadın depressiya, narahatlıq və ümidsizliklə üzləşir. Gizli məktəblər və onlayn dərslər mövcuddur, amma bunlar risklidir və hamıya çatmır. Ailə gəlirləri azalıb, yoxsulluq dərinləşib. Qadınlar sənəd almaq üçün belə kişi qohumun müşayiətinə ehtiyac duyur. Sağlamlıq sistemi isə getdikcə daha çox qadınsız qalır. Bəzi vilayətlərdə kişi həkimlərin qadınları müalicə etməsi praktiki olaraq mümkünsüz hala gətirilir.

Əfqanıstanda qadını sistematik olaraq cəmiyyətdən silirlər.

Əvvəl necə idi?

Əfqanıstan həmişə belə deyildi. 20-ci əsrin əvvəllərindən başlayaraq dövrlərlə irəliləyişlər olub.

1919-1929-cu illərdə Əmir Amanullah xan və xanımı Kraliça Suraya modernləşmə islahatları apardı. İlk qız məktəbləri açıldı, məcburi nigahlar məhdudlaşdırıldı, qadınlara müəyyən hüquqlar verildi. Suraya açıq üzlə çıxışlar edirdi və qadın jurnalı təsis etmişdi. Bu islahatlar bəzi dairələrin müqaviməti ilə qarşılaşdı və Amanullah taxtdan getdi, amma toxum səpilmişdi.

Sonralar, xüsusən Zahir şah dövründə (1933-1973) və 1960-70-ci illərdə şəhərlərdə qadınlar universitetə gedir, müəllim, həkim, jurnalist və hətta parlament üzvü olurdu. 1970-ci illərin sonu və 1980-ci illərdə sovet dəstəkli hökumət dövründə qızların təhsili daha da genişləndi, müəllimlərin böyük hissəsi qadın idi. Kabul və digər böyük şəhərlərdə qadınlar ictimai həyatda aktiv iştirak edirdi.


1992-1996-cı illərdə mücahidlərin daxili müharibəsi və 1996-2001-ci illərdə ilk "Taliban" hakimiyyəti bu nailiyyətləri demək olar ki, sıfırladı. Qızların təhsili, işləməsi, hətta küçədə sərbəst gəzməsi qadağan edildi. 2001-ci ildən sonra, beynəlxalq dəstəklə, yenidən məktəblər və universitetlər açıldı, qadınlar işə qayıtdı, parlamentdə və dövlət qurumlarında yer tutdu. 2001-2021-ci illər arasında milyonlarla qız oxudu, minlərlə qadın peşə sahibi oldu.

İndi isə 2021-ci ildən bəri bu nailiyyətlərin çoxu silinib. Bəlxdəki “Bibi” göstərişi bu silinmənin ən şəxsi formasıdır. Adı əlindən alınan qadın artıq sənədlərdə də yoxdur. O, yalnız “filankəsin arvadı” və ya sadəcə “Bibi”dir...

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər