Avropada bu ölkələr Azərbaycandan asılıdır

Avropada bu ölkələr Azərbaycandan asılıdır
26.11.2026 16:52 Araşdırma
Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığı minimuma endirməyə çalışan Avropa İttifaqı (Aİ) üçün alternativ enerji marşrutları həyati əhəmiyyət daşıyır. Bu prosesdə Cənub Qaz Dəhlizi və Azərbaycanın təbii qaz ehtiyatları Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri üçün əsas enerji mənbələrindən birinə çevrilib.

Hazırda Bakıdan İtaliyaya qədər uzanan qaz kəməri infrastrukturu və Bolqarıstandakı interkonnektorlar vasitəsilə ümumilikdə 10 Avropa ölkəsi - İtaliya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya və Xorvatiya Azərbaycan qazı ilə təmin olunur.

Rəsmi statistik göstəricilər qaz ixracının coğrafiyasının və həcmlərinin genişləndiyini göstərir. Rəsmi məlumatlara görə, Azərbaycan ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa ölkəsidir.

2026-cı ilin yanvar–sentyabr ayları üzrə ilkin göstəricilərə əsasən, ölkənin ümumi qaz ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 18,4 milyard kubmetrə çatıb. Bu həcmin 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin, 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb. Gömrük bəyannamələrinin nəticələrinə əsasən, 2026-cı ilin yanvar–oktyabr aylarında ümumi qaz ixracı 20,654 milyard kubmetr təşkil edib.

Avropa İttifaqının enerji statistikasına nəzər saldıqda görünür ki, Aİ-nin Rusiyadan qaz idxalı 2021-ci ildəki 150,2 milyard kubmetrdən 2025-ci ildə 36 milyard kubmetrə qədər azalıb. Həmin dövrdə Norveç 89,3 milyard kubmetrlə (30,9 faiz), ABŞ isə 75,6 milyard kubmetrlə (26,2 faiz) Avropanın əsas qaz təchizatçılarına çevrilib. Azərbaycan isə 2025-ci ildə 11,3 milyard kubmetr qaz tədarükü ilə Aİ-nin ümumi qaz idxalının 3,9 faizini təmin edib. Ümumi Avropa bazarında bu göstərici təxminən 4 faiz təşkil etsə də, Balkanlar və Mərkəzi Avropa ölkələri üçün boru kəmərləri vasitəsilə həyata keçirilən sabit qaz tədarükü enerji təhlükəsizliyinin mühüm elementlərindən biridir.


Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya fəaliyyətinə başladığı vaxtdan 2026-cı ilin iyulunadək Avropaya 60 milyard kubmetrdən çox, o cümlədən təkcə İtaliyaya 50 milyard kubmetrdən artıq təbii qaz çatdırıb. Bununla yanaşı, kəmərin ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində illik əlavə 1,2 milyard kubmetrlik nəql gücü tam istismara verilib.

Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Zirvə toplantısında Prezident İlham Əliyev Bakıdan İtaliyaya uzanan qaz kəmərinin hazırda tam gücü ilə işlədiyini və Azərbaycanın mövcud 10 Avropa ölkəsi ilə kifayətlənməyərək qitəyə enerji təchizatını daha da genişləndirmək və şaxələndirmək niyyətində olduğunu bəyan edib.


Bu proses Azərbaycanın Avropa enerji infrastrukturunda rolunun genişlənməsi ilə də müşayiət olunur. SOCAR-ın İtaliya bazarındakı mövqeyini gücləndirməsi və TAP-ın növbəti inkişaf mərhələsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini artırır. Bundan əlavə, 2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış strateji tərəfdaşlıq sənədinə uyğun olaraq, təkcə təbii qazın deyil, həm də yaşıl enerjinin Gürcüstan, Türkiyə, Rumıniya və Macarıstan üzərindən Avropa bazarlarına ötürülməsi istiqamətində texniki-iqtisadi əsaslandırma işləri tamamlanıb.


Avropa ölkələrinin Azərbaycan qazı ilə təminatından başlayan enerji əməkdaşlığı yaxın perspektivdə yeni qaz marşrutları və bərpa olunan enerji dəhlizləri hesabına daha geniş coğrafiyanı əhatə edə bilər.

Jalə Rövşən 
XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər