Türkiyə COP31 üçün 700 milyon dollar xərcləyib - İDDİA
Türkiyənin 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi üçün təxminən 700 milyon dollar xərclədiyi bildirilir. Bu məbləğ sosial şəbəkələrdə yayılan məlumatlarda gündəmə gətirilib.
TodayPress TV xəbər verir ki, COP31 noyabrın 20-də başa çatmalı olsa da, danışıqların uzanması səbəbindən yekun müzakirələr əlavə vaxtda da davam edib. Tərəflər xüsusilə qalıq yanacaqlardan istifadənin azaldılması ilə bağlı sənədin məzmunu üzrə ortaq mövqeyə gələ bilməyiblər.
Konfransın yekunları ilə bağlı mübahisələrə baxmayaraq, Türkiyənin ev sahibliyi üçün çəkdiyi iddia olunan 700 milyon dollarlıq xərc diqqət çəkən əsas məqamlardan birinə çevrilib. Bununla belə, həmin məbləğin hansı xərc maddələrindən formalaşdığı, tədbirin təşkili, təhlükəsizlik, nəqliyyat, infrastruktur və digər xidmətlər üzrə bölgüsü barədə açıq və təsdiqlənmiş maliyyə hesabatı təqdim edilməyib.
COP31-lə əlaqədar digər ölkələrin də hazırlıq və iştirak xərcləri olub. Məsələn, Avstraliya hökumətinin 34 təşkilatın nümayəndələrinin Antalyadakı konfransa səfərini dəstəkləmək üçün təxminən 700 min Avstraliya dolları ayırdığı bildirilir. Bundan başqa, Fici və Tuvaluda keçirilən COP31-ə hazırlıq tədbirlərinin xərclərinin 34,6 milyon Avstraliya dollarına çatdığı barədə məlumat yayılıb. Bu vəsaitlər Türkiyənin ev sahibliyi xərclərindən ayrı məbləğlərdir.
Qiymət Mahir