Binədə yorğa atlarının ilin son yarışı keçirildi
Binə Atçılıq Mərkəzində yorğa atlarının ilin yekun yarışı keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, mövsümün həlledici yarışında 4 kateqoriya üzrə 26 çapar qalib adı uğrunda mübarizə aparıb.
1300 metr məsafəyə yarışda Murad Həsənlinin “Karatay” atı finişə birinci çatsa da, qaçış zamanı ara-sıra dördnala çapdığı üçün cərimələnib. Nəticədə bu kateqoriyada Xocalı çaparı Vaqif Əbdürrəhmanovun “Sərraf” atı qalib elan olunub.
1600 metr məsafədə Vəliyəddin Allahverdiyevin “Dəlikəhər Laçinski” atı rəqiblərini geridə qoyaraq birinci yeri tutub. Maştağadan olan “Karol” və “Patron” atları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
2000 metr məsafəyə yarışda Gəncəni təmsil edən 16 yaşlı jokey Xəlil Allahverdiyev qələbə qazanıb. Onun “Paşam” adlı yorğası Əfqan Rəhmanovun “Daşqın” və Ələkbər Soltanlının “Qaqa” atlarını inamla qabaqlayıb.
2600 metr məsafəyə yarış isə daha gərgin mübarizə ilə yadda qalıb. “Koma” adlı atla çıxış edən Xəlil Allahverdiyev ilk dövrədən sonra 8 iştirakçı arasında sonuncu yerdə olsa da, həlledici 1000 metrdə sürətini artıraraq rəqiblərini geridə qoyub. O, ikinci yerdəki atla arasında ən azı 100 metr fərq yaradaraq finişə birinci çatıb.
Yarışın sonunda qalib və mükafatçılara federasiyanın diplomları, medallar və fəxri kuboklar təqdim olunub.