Trampın öz adamları da ondan əlini üzüb
Amerikalıların əksəriyyəti 2028-ci ildə prezident seçkilərində demokratların qalib gələcəyini düşünür.
TodayPress TV xəbər verir ki, “POLITICO” nəşrinin PF Global şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların təxminən iki dəfə çoxu 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının deyil, Demokratlar Partiyasının qalib gələcəyini gözləyir.
Sorğu nəticələri göstərir ki, hətta 2024-cü ildə Donald Trampa səs verən amerikalıların hər beş nəfərindən biri növbəti prezident seçkilərində Respublikaçıların Ağ Evi itirəcəyini düşünür. Trampın seçicilərinin yalnız 60 faizi partiyanın hakimiyyəti qoruyacağına inanır. Kamala Harrisə səs verənlər arasında isə Demokratların 2028-ci ildə qalib gələcəyini düşünənlərin payı 87 faizdir.

Bununla belə, hər iki partiyanın daxilində növbəti prezidentliyə namizədin kimliyi və siyasi xətti ilə bağlı fikir ayrılıqları mövcuddur. Sorğuda iştirak edənlərin əksəriyyəti növbəti prezidentin mübariz xarakterə malik olmasını istəsə də, respublikaçılar daha çox mühafizəkar, demokratlar isə mütərəqqi siyasətçi görmək niyyətindədir.
Belə ki, Harris tərəfdarlarının 43 faizi növbəti prezidentin mübariz olmasını, 40 faizi mütərəqqi, 34 faizi isə yaradıcı siyasətçi olmasını istəyir. Tramp seçicilərinin 45 faizi mühafizəkar namizədə üstünlük verir. Bu göstərici mübariz xarakterli namizəd istəyənlərin payından – 39 faizdən yüksəkdir.
Respublikaçıların daxilində Tramp administrasiyası ilə məsafə saxlamaq istəyənlərin də olduğu üzə çıxıb. Trampa səs verənlərin təxminən 30 faizi növbəti prezidentin onun administrasiyasında çalışmamış şəxs olmasını istəyir. Özünü MAGA hərəkatının tərəfdarı hesab etməyən Tramp seçiciləri arasında bu göstərici 46 faizə yüksəlir. MAGA tərəfdarlarının isə 82 faizi növbəti prezidentin Tramp administrasiyasında çalışmış şəxs olmasını dəstəkləyir.
Respublikaçılar arasında 2028-ci il seçkiləri üçün dövlət katibi Marko Rubionun namizədliyinə maraq artır. Bəzi partiya nümayəndələri hesab edirlər ki, Rubio aralıq seçkilərindəki məğlubiyyətlə vitse-prezident Cey Di Vensdən daha az əlaqələndirilir. Digərləri isə partiyanın Trampın siyasi təsir dairəsindən kənarda olan namizəd seçməli olduğunu düşünür.

Miçiqan ştatının Şiavassi dairəsi Respublikaçılar Partiyasının sədri Den Makmaster bildirib ki, partiya Trampdan mümkün qədər uzaq namizəd seçməlidir. Onun sözlərinə görə, hətta belə bir seçimlə də prezident seçkilərində qələbə qazanmaq çətin olacaq.
Respublikaçılar Partiyasının Milli Komitəsinin nümayəndəsi Natali Baldassarre isə Trampın partiyadakı liderliyinin davam etdiyini vurğulayıb. Ağ Ev də prezidentin Respublikaçılar arasında yüksək dəstəyə malik olduğunu bildirərək, onun siyasi mövqeyinin dəyişmədiyini qeyd edib.
Demokratlar düşərgəsində də namizəd seçimi ilə bağlı fikir ayrılıqları var. 2026-cı il aralıq seçkilərində əldə edilən uğurlar partiyanın mütərəqqi qanadını gücləndirsə də, bu siyasətçilərin 2028-ci il prezident seçkilərində də uğur qazanıb-qazanmayacağı müzakirə mövzusudur.

Göründüyü kimi, mütərəqqi demokratların 63 faizi növbəti prezidentin də bu siyasi xətti təmsil etməsini istəyir. Mülayim mövqeli demokratlar arasında isə bu fikri dəstəkləyənlərin payı cəmi 23 faizdir. Mütərəqqi demokratların yarısı bu xüsusiyyətin namizədin seçilməsinə kömək edəcəyinə inanır. Mülayim demokratların yalnız 37 faizi öz siyasi mövqelərinin seçkidə üstünlük qazandıracağını düşünür.
Demokratlar 2026-cı il seçkilərində Kanzas və Missisipi kimi ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda da Senat mandatları qazanıblar. Bu nəticələr partiya daxilində 2028-ci il prezident seçkilərində daha geniş coğrafiyada mübarizə aparmaq çağırışlarını gücləndirib. Sorğuda demokratların 60 faizi partiyanın yalnız ənənəvi dəstək qazandığı ştatlara deyil, bütün ölkə üzrə seçki mübarizəsinə diqqət yetirməli olduğunu bildirib. Respublikaçılar arasında da bu yanaşmanı dəstəkləyənlərin payı 56 faiz təşkil edib.
Jalə Rövşən