Yer üçün qorxunc xəbərdarlıq: Tarixdə görünməmiş sürətlə tükənir...

Yer üçün qorxunc xəbərdarlıq: Tarixdə görünməmiş sürətlə tükənir...
28.11.2026 15:04 Dünya

2023-2024-cü illərdə dünyada şirin su ehtiyatlarının kəskin azalması qeydə alınıb. Göllərdə və su anbarlarında suyun həcmi 1991-2020-ci illərin orta göstəriciləri ilə müqayisədə təxminən 10 faiz azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan tədqiqatın nəticələrinə istinadən “Rossiyskaya qazeta” məlumat yayıb.

Tədqiqat müəllifləri 1991-2025-ci illər ərzində dünya üzrə çay axınlarında, göllərdə və su anbarlarında su ehtiyatlarında baş verən dəyişiklikləri araşdırıblar. Məlum olub ki, 1991-2007-ci illərdə su ehtiyatları azalsa da, bu prosesin sürəti ciddi narahatlıq doğuracaq səviyyədə olmayıb.

Lakin 2023-2024-cü illərdə vəziyyət kəskin şəkildə pisləşib. Alimlər son dövrdə qeydə alınan azalma sürətini araşdırdıqları tarixi dövr ərzində görünməmiş hadisə kimi qiymətləndiriblər.

Ən ağır vəziyyət Cənubi Amerikada müşahidə olunub. Bu regionda çay axınları 17,8 faiz, yerüstü su ehtiyatları isə 16,5 faiz azalıb.

Alimlər baş verənləri Sakit okeanda El-Ninyo hadisəsi ilə tropik Şimali Atlantikada eyni vaxtda müşahidə olunan istiləşmənin qeyri-adi qarşılıqlı təsiri ilə əlaqələndirirlər.

Qeyd edək ki, 2026-cı ilin yayında içməli su çatışmazlığının artıq yalnız quraq bölgələrin problemi olmadığı barədə məlumat yayılmışdı. Çayların, göllərin və inkişaf etmiş infrastrukturun mövcudluğunun su təhlükəsizliyinə təminat verdiyi düşünülən ölkələrdə də su böhranının əlamətləri müşahidə olunmağa başlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər