6 milyarddan çox insan eyni torun içindədir – bəs nəzarət kimdədir?
Hər il 26 noyabr dünyada Ümumdünya İnformasiya Günü kimi qeyd olunur. Bəs niyə bu tarix?
Tarixinə baxsaq, hər şey 1992-ci ilin elə bu günündə başlayıb. Beynəlxalq İnformasiyalaşdırma Akademiyası həmin vaxt birinci forumunu keçirdi. 29 ölkədən 10 mindən çox alim, mütəxəssis yığışmışdı ora. Bu günü də elə həmin tədbirdə təsis elədilər, iki il sonra da — 94-də UNESCO rəsmiləşdirdi.
90-cı illərin əvvəli idi, indiki kimi hamının cibində telefon, internet yox idi. Amma o adamlar uzaqgörən idilər, bilirdilər ki, sabah dünyanı məhz informasiya idarə eləyəcək. Ona görə də yığışıb bu məsələni gündəmə gətirdilər ki, ölkələr birgə işləsin.
İndi bu günümüzə baxaq. Rəqəmlər adamı dəhşətə gətirir. Hər gün yüz milyonlarla terabayt məlumat yaranır, ordan-ora ötürülür. Son bir neçə ildə yığılan informasiya bəşəriyyətin indiyə qədər topladığı bütün məlumatdan dəfələrlə çoxdur. Bu gün dünyada 6 milyard 300 milyon insan — yəni əhalinin hardasa 76 faizi internetdədir. Düzdür, hələ də 2 milyarda yaxın adam bu şəbəkədən kənarda qalıb, amma böyük əksəriyyət buradadır.
İndi hamı deyir ki, informasiya yeni neftdir, qızıldır. Doğrudan da elədir. Sadəcə bir məsələ var: bu neft həm maşını işlədir, həm də ətrafı çirkləndirə bilir. Yalan xəbərlər, şəxsi məlumatlarımızın oğurlanması, bir də internetə çıxışı olanlarla olmayanlar arasındakı fərq bu günün real problemləridir.
Adətən bu günü İKT işçilərinin, jurnalistlərin, proqramçıların, media adamlarının bayramı kimi təbrik edirlər. Amma bu təkcə onların günü deyil, hamımızın günüdür. Çünki səhər gözümüzü açandan axşam yatana kimi informasiyanın içindəyik. Nəyə inanmaq lazımdır, nəyi paylaşmaq olmaz, öz məlumatımızı necə qorumalıyıq bunları bilmək hamımıza vacibdir.
Qiymət Mahir