Gələn il haradasa, nə isə mütləq qırılacaq - 2027-nin 10 əsas şoku
Nüfuzlu “The Economist” nəşri qarşıdakı ilin qlobal mənzərəsini formalaşdıracaq əsas tendensiyaları təhlil edən ənənəvi “The World Ahead 2027” (Gələcək Dünya 2027) hesabatını təqdim edib.
TodayPress TV xəbər verir ki, nəşrin proqnozlarına görə, 2027-ci ildə dünyanı ciddi siyasi və maliyyə sarsıntıları, eləcə də süni intellektin yaratdığı qaçılmaz təlatümlər gözləyir.
Süni intellektin təsirləri ilə bağlı narahatlıqlar dərinləşdikcə, texnologiya nəhənglərinə qarşı ictimai və siyasi etirazlar da güclənəcək. Hər il olduğu kimi, bu dəfə də jurnalın müəllifləri ilə yanaşı, dövlət başçıları, baş nazirlər, biznes liderləri və tanınmış alimlər öz baxışlarını bölüşüblər.

Buraxılışın redaktoru Tom Stendeyc qarşıdakı ilin siyasi atmosferini təsvir edərkən bildirib ki, artıq post-Tramp dövrü başlayır, lakin prezidentin səssiz-səmirsiz geri çəkiləcəyini gözləmək sadəlövhlük olardı. Konqresin hər iki palatasında nəzarətin demokratların əlinə keçməsi ilə Donald Tramp kənarda duran “topal ördək” (səlahiyyətləri zəifləmiş siyasətçi) olmayacaq, əksinə, hər şeyi dağıdan “Angry Bird” (Qəzəbli Quş) kimi davranacaq. Öz təsirini qorumaq və tarixdə iz buraxmaq üçün ondan daha çox prezident fərmanları, məhkəmə çəkişmələri, coğrafi adların qəfil dəyişdirilməsi, nəhəng tikinti layihələri və hərbi macəralar gözləmək olar. Onu əvəz etmək uğrunda yarış başlasa da, dünya artıq “Trampsız Amerika”nın necə görünəcəyini düşünməyə başlayır.

Qlobal təhlükəsizlik və iqtisadiyyat sahəsində isə İran müharibəsinin ağır fəsadları hiss olunacaq. Müttəfiqlərin artıq Amerikaya güvənmədiyi, düşmənlərin isə ondan qorxmadığı bir dövrdə müharibənin nəticələri regionun siyasətini yenidən quracaq və enerji axınlarını dəyişəcək. Eyni zamanda, gübrə çatışmazlığı və güclü “El-Ninyo” iqlim hadisəsi milyonlarla insanın ərzaq təhlükəsizliyini təhdid edəcək. 2027-ci il həm də quraqlıqlar, meşə yanğınları və istilik dalğaları ilə yenidən tarixin ən isti ili olacaq. Maraqlısı budur ki, Donald Tramp özü də bilmədən bərpa olunan enerjinin dünyada ən böyük təbliğatçısına çevrilib, çünki yaşıl enerji təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də qlobal enerji bazarlarındakı dalğalanmalardan xilas olmağın ən yaxşı yoludur.

Texnologiya və maliyyə bazarlarında da gərginlik artacaq. Süni intellekt şirkətləri mürəkkəb və qeyri-şəffaf sövdələşmələrlə daha çox borc götürdükcə, bazarda çökmə riski yüksəlir. Süni intellektin siyasi, maliyyə və kiberriskləri ilə bağlı narahatlıqlar tamamilə əsaslı olsa da, onun iş yerlərinə və ətraf mühitə vuracağı zərərlər bir qədər şişirdilir. Avropada isə əsas diqqət Fransada keçiriləcək seçkilərə yönələcək. Marin Le Penin prezident seçilməsi Avropa İttifaqını hərəkətə gətirən Fransa-Almaniya mühərrikinə ciddi zərbə vuracaq və borc içində boğulan Fransanın dövlət maliyyəsi ilə bağlı narahatlıqları dərinləşdirəcək. Üstəlik, istiqraz bazarlarının təzyiqi təkcə Fransaya aid deyil. Bir çox zəngin ölkələr öz imkanlarından artıq xərcləyir və istiqrazların gəlirliliyi yüksəlir. Bu vəziyyət sonsuza qədər davam edə bilməz və haradasa, nə isə mütləq qırılacaq.
Geosiyasi cəbhədə Tayvan üçün təhlükəli an yaxınlaşır. Si Cinpinin Çin ordusuna 2027-ci ilə qədər adanı ələ keçirməyə hazır olmaq barədə göstəriş verdiyi deyilir. Lakin müasir texnologiyalar müharibənin təbiətini dəyişib. Ukrayna və İranda görüldüyü kimi, kiçik güclərin böyük ordulara qarşı durması asanlaşıb və bu amil Çinin Tayvan planlarına ciddi təsir göstərə bilər.

Gündəlik həyatda, elmdə və mədəniyyətdə də maraqlı dəyişikliklər gözlənilir. Arıqlama dərmanlarının yaratdığı “Ozempic” effekti istehlakçı davranışlarını dəyişir. Arıqlayan insanlar geyimə, kosmetikaya və fitnesə daha çox pul xərcləyirlər. Dərmanların yaşlanma əleyhinə təsirləri isə əczaçılıq şirkətlərinin uzunömürlülük müalicələrinə marağını yenidən artırıb. Kosmos sahəsində “SpaceX”in “Starship” gəmisi müntəzəm peyk buraxılışlarına başlayacaq, ilk özəl kosmik stansiya orbitə çıxarılacaq və kosmosda məlumat mərkəzləri qurmaq ideyası artıq o qədər də çılğın görünməyəcək. Hollivudda isə “Ulduz müharibələri” kimi nəhəng franşizalar “YouTuber”lərin çəkdiyi aşağı büdcəli filmlərlə rəqabət apararaq yeni izləyici kütləsi qazanmağa çalışır. Bununla belə, kiçik və ucuz gəmilər tərəfindən məğlub edilən hərbi fövqəldövlət və öz bildiyini edən üsyankar droidlər mövzusu ilə “Ulduz müharibələri” 2027-ci ildə hər zamankından daha aktual görünə bilər.

Bu ilki buraxılışda Yaponiyanın Baş naziri Takaiçi Sanae, Finlandiya Prezidenti Aleksandr Stubb, “Anthropic” şirkətinin həmtəsisçisi Cek Klark, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol, Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok, Yel Universitetinin tarix professoru Odd Arne Vestad, “Commonwealth Fusion Systems” şirkətinin rəhbəri Bob Mamqard, “Xpeng” şirkətinin baş direktoru He Syaopen və riyaziyyat professoru Terens Tao kimi nüfuzlu şəxslərin məqalələri yer alıb. “The World Ahead 2027” hesabatı “The Economist”in 21 noyabr tarixli həftəlik çap buraxılışında dərc olunacaq, 26 noyabrdan etibarən isə köşklərdə ayrıca xüsusi buraxılış kimi satışa çıxarılacaq.