Böyük güclərin girovuna çevrilən ATƏT-i Bakı necə xilas edəcək?

Böyük güclərin girovuna çevrilən ATƏT-i Bakı necə xilas edəcək?
28.11.2026 14:20 Təhlil

Qlobal təhlükəsizlik arxitekturasının sınağa çəkildiyi bir dövrdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tarixinin ən dərin institusional böhranını yaşayır. Vaxtilə Qarabağ münaqişəsini otuz il ərzində dondurulmuş vəziyyətdə saxlayaraq vasitəçilik missiyasını iflasa uğradan qurum, bu gün Ukrayna böhranı fonunda da passiv müşahidəçi rolundan o tərəfə keçə bilmir.

İndi isə siyasi kulislərdə və ekspert dairələrində maraqlı bir ssenari müzakirə olunur: Qoşulmama Hərəkatını qlobal güc mərkəzlərindən birinə çevirməyi bacaran rəsmi Bakı, öz uğurlu diplomatiya modelini ATƏT-ə daşıya bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə analitik Anar İsayev hesab edir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı diplomatik təcrübəni və fəal təşəbbüskarlıq modelini ATƏT çərçivəsində də tətbiq edə bilər. Lakin bunun üçün əvvəlki uğurlu təcrübəni olduğu kimi təkrarlamaq deyil, onu ATƏT-in mürəkkəb siyasi reallıqlarına uyğunlaşdırmaq lazımdır:

“Qoşulmama Hərəkatı ilə ATƏT-in siyasi və institusional imkanları eyni deyil. Buna görə də Bakının qarşısında duran əsas vəzifə əvvəlki uğurlu təcrübəni olduğu kimi təkrarlamaq deyil, onu ATƏT-in mürəkkəb siyasi reallıqlarına uyğunlaşdırmaqdır.

ATƏT-in əsas problemi etimad və qərarvermə böhranıdır. Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunun təxminən 30 il ərzində nəticə əldə edə bilməməsi bu təşkilatın vasitəçilik imkanlarına ciddi zərbə vurdu. Ukrayna müharibəsi isə ATƏT-in təhlükəsizlik mexanizmlərinin və böyük dövlətlər arasında dialoq imkanlarının nə qədər zəiflədiyini bir daha nümayiş etdirdi.

Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: ATƏT-in fəaliyyətsizliyini yalnız təşkilatın institusional zəifliyi ilə izah etmək düzgün olmazdı. Əsas problem üzv dövlətlər arasında siyasi ziddiyyətlərin dərinləşməsi, konsensus prinsipinin qərarların qəbulunu çətinləşdirməsi və böyük güclərin təşkilatdan öz geosiyasi maraqları naminə istifadə etməsidir”.

Analitik Azərbaycanın Qoşulmama Hərəkatındakı təcrübəsinin ATƏT üçün də müəyyən mənada nümunə ola biləcəyini düşünür:

“Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq nüfuzunun artırılması, üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi və qlobal problemlərlə bağlı vahid mövqelərin formalaşdırılması istiqamətində fəallıq nümayiş etdirdi. Xüsusilə pandemiya dövründə beynəlxalq əməkdaşlığın təşviqi, vaksinlərin ədalətli bölüşdürülməsi məsələsinin gündəmə gətirilməsi və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi Azərbaycanın diplomatik təşəbbüskarlığını göstərdi.

Bu təcrübədən ATƏT çərçivəsində də istifadə etmək mümkündür. Bunun üçün Bakı bir neçə istiqamətə üstünlük verə bilər ki, bunlardan ən əsası diplomatik dialoqun bərpasıdır. Belə ki, Rusiya ilə Qərb arasında dərinləşən qarşıdurma fonunda ATƏT daxilində ünsiyyət kanallarının qorunmasına və etimad mühitinin yaradılmasına töhfə verə bilər.

Digər bir məsələ təşkilatın fəaliyyətinin praktik nəticələrə yönəldilməsidir. Təhlükəsizlik, sərhədlərin toxunulmazlığı, enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları, mina təhlükəsi və regional əməkdaşlıq kimi məsələləri gündəmdə saxlamaq daha məqsədəuyğundur.

Və nəhayət, balanslaşdırılmış siyasət həyata keçirilməlidir. Azərbaycanın hər hansı geosiyasi blokun maraqlarına xidmət edən deyil, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüququ müdafiə edən mövqedən çıxış etməsi lazımdır”.

№İstiqamətƏsas məqsəd / mahiyyətNümunəvi mövzular / fəaliyyət
1Diplomatik dialoqun bərpasıRusiya–Qərb qarşıdurması fonunda ünsiyyət kanallarının qorunması və etimad mühitinin yaradılmasıATƏT daxilində dialoq platformalarının aktivləşdirilməsi
2Praktik nəticələrə yönəlməTəşkilatın fəaliyyətini konkret, ölçülə bilən nəticələrə fokuslamaqTəhlükəsizlik, sərhədlərin toxunulmazlığı, enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları, mina təhlükəsi, regional əməkdaşlıq
3Balanslaşdırılmış siyasətGeosiyasi blokların maraqlarından asılı olmayaraq prinsipial mövqeSuverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn müdafiəsi

Anar İsayev ATƏT-in Azərbaycan üçün əhəmiyyətinin azalmadığını, sadəcə, bu təşkilatla bağlı gözləntilərin dəyişdiyini vurğulayır:

“Qaldı ki, ATƏT-in bu gün Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olmasına, məncə, ATƏT-in Azərbaycan üçün əhəmiyyəti heç də azalmayıb, sadəcə, onunla bağlı gözləntilər dəyişib. Əvvəllər Azərbaycan bu təşkilata daha çox Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpası kontekstində yanaşırdı. Minsk qrupunun fəaliyyətsizliyi isə təşkilata münasibətdə haqlı suallar yaratmışdı. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ATƏT-ə yanaşma daha geniş strateji çərçivədə qurula bilər.

Azərbaycan üçün bu təşkilat Avropa təhlükəsizlik arxitekturasında iştirak, Qərb və Şərq arasında diplomatik təmasların qorunması, enerji və nəqliyyat təhlükəsizliyi məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli platformadır.

Digər tərəfdən, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının genişləndiyi, Orta Dəhlizin və regional nəqliyyat marşrutlarının strateji əhəmiyyətinin artdığı bir dövrdə ATƏT kimi geniş coğrafiyanı əhatə edən təşkilatda fəal iştirak Bakının beynəlxalq mövqelərini gücləndirə bilər.

Azərbaycan ATƏT-ə əvvəlki kimi münaqişənin həllini gözləyən tərəf kimi deyil, regional və beynəlxalq təhlükəsizlik məsələlərində təşəbbüslərlə çıxış edən, öz maraqlarını müdafiə edən və dialoqa töhfə verən dövlət kimi yanaşmalıdır”.

Analitik hesab edir ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu təcrübəsinin ATƏT-də təkrarlanması daha mürəkkəb geosiyasi reallıqların nəzərə alınmasını tələb edir:

“Amma bir məqamı da unutmaq olmaz: Qoşulmama Hərəkatında Azərbaycanın uğuru onun təşkilata sədrliyi dövründə yaratdığı siyasi dinamika ilə bağlı idi. ATƏT-də isə nəticə əldə etmək üçün daha mürəkkəb geosiyasi ziddiyyətləri nəzərə almaq lazım gələcək.


Bakı üçün əsas hədəf ATƏT-in passiv müşahidəçi mövqeyindən çıxmasına, yenidən real dialoq və təhlükəsizlik platformasına çevrilməsinə töhfə vermək olmalıdır. Azərbaycanın buna diplomatik potensialı və kifayət qədər beynəlxalq təcrübəsi var. Bununla belə, təşkilatın sistemli problemlərini təkbaşına aradan qaldırmaq mümkün deyil.

Sonda bir fikri xüsusi vurğulamaq istərdim: Azərbaycan ATƏT-in fəaliyyətində daha fəal iştirak etməklə yalnız öz maraqlarını müdafiə etməməli, həm də beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması və beynəlxalq hüququn vahid prinsiplərlə tətbiqi məsələsini gündəmdə saxlamalıdır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər