Tehran postsovet məkanına sızır? Moskva MDB planına yaşıl işıq yandırdı

Tehran postsovet məkanına sızır? Moskva MDB planına yaşıl işıq yandırdı
28.11.2026 17:42 Təhlil

Müstəqil Dövlətlər Birliyinin (MDB) coğrafi və siyasi sərhədlərini genişləndirmək cəhdləri regionda yeni geosiyasi müzakirələrə yol açıb.

Birliyin baş katibi Sergey Lebedevin Tehrana təşkilatın yeni əməkdaşlıq formatı olan “MDB+”da ilk iştirakçı statusunun verilməsi məsələsinin nəzərdən keçirildiyini açıqlaması, ardınca isə rəsmi Moskvanın İranın bu təşəbbüsünə yaşıl işıq yandırması prosesin ciddiliyindən xəbər verir. İran Prezidenti Məsud Pezeşkianın hələ Avaza sammitində səsləndirdiyi bu istəyin reallaşması halında Tehran post-sovet məkanını birləşdirən platformaya inteqrasiya edən ilk kənar oyunçu olacaq.

Bəs Qərb sanksiyaları altında olan və regionda özünəməxsus maraqları ilə seçilən İranın bu formata qoşulması MDB-yə nə vəd edir?


Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi analitik Çingiz Şahbazi hesab edir ki, İranın Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni əməkdaşlıq formatına qoşulması təşkilatın coğrafi və siyasi təsir dairəsinin genişlənməsi baxımından əhəmiyyətli hadisə ola bilər. Lakin onun sözlərinə görə, bu addımın nəticələri yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmayacaq:

“İranın MDB-nin yeni əməkdaşlıq formatında iştirakı təşkilatın coğrafi və siyasi təsir dairəsinin genişlənməsi baxımından əhəmiyyətli hadisə ola bilər. Lakin bu addımın nəticələri yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmayacaq. İranın Qərblə münasibətləri, Rusiyanın regional siyasəti və MDB üzvləri arasındakı fərqli maraqlar da prosesə öz təsirini göstərəcək.

Burada əsas məsələ İranın MDB-yə tamhüquqlu üzv olması deyil, təşkilatın yeni əməkdaşlıq formatında iştirak etməsidir. Bu statusun verilməsi İranın MDB-nin qərar qəbuletmə mexanizmlərinə avtomatik qoşulması anlamına gəlməməlidir. Sergey Lebedevin İranın ilk “MDB+” iştirakçısı ola biləcəyini bildirməsi, həmçinin Monqolustan və Serbiyanın da bu formatda təmsilçiliyi ilə bağlı müzakirələrə səbəb olacaq məna daşıyır. İranın isə bu platformada təmsilçiliyi xüsusi diqqət mərkəzindədir. Çünki İranın enerji, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq imkanları təşkilat üzvlərinin diqqətini cəlb edəcək.

İran Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) və BRİKS-də təmsil olunur, Avrasiya İqtisadi İttifaqı ilə isə azad ticarət sazişi var. İranın MDB-yə ilk tərəfdaş kimi qoşulmasının siyasi əhəmiyyəti də məhz bu baxımdan ön plana çıxır. Bununla bağlı İran Prezidenti Məsud Pezeşkianın açıqlamaları var. O, alternativ ödəniş mexanizmləri, barter və enerji əməkdaşlığı təklifləri ilə çıxış edib. Əslində, “MDB+” təşəbbüsü İran Prezidenti Pezeşkian tərəfindən irəli sürülüb. O, bunu regional əlaqələrin daha da inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından zəruri hesab edib. İran Prezidentinin əsas mesajı region ölkələrinin bir-biri ilə rəqabət aparmasından daha çox, bir-birinə bağlanmasının vacibliyini vurğulamaqdır.

Bütün bunlar onu göstərir ki, İranın iştirakı MDB-nin mövcud üzvlüyünü genişləndirməkdən daha çox, təşkilatın digər ölkələrlə əməkdaşlıq imkanlarını artıran yeni mexanizm kimi təqdim olunur. İranın özünün də rəsmi mövqeyi bu yanaşmaya uyğundur”.

İranın mövcud inteqrasiya platformaları:

Təşkilat / FormatStatusuQeyd
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)Tamhüquqlu üzvArtıq mövcuddur
BRİKSTamhüquqlu üzvArtıq mövcuddur
Avrasiya İqtisadi İttifaqıAzad ticarət sazişiQüvvədədir
MDB+Potensial ilk iştirakçıMüzakirə mərhələsində


Çingiz Şahbazi İranın “MDB+” formatında iştirakının nəqliyyat, enerji və ticarət sahələrində regional əməkdaşlıq üçün yeni imkanlar yarada biləcəyini vurğulayır:

“İran MDB ölkələrinə Fars körfəzinə və Oman dənizinə çıxış üçün əlavə imkanlar yarada bilər. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı Rusiya, Azərbaycan, İran və Mərkəzi Asiya ölkələrinin ticarət əlaqələrini daha da gücləndirə bilər. Bu, xüsusilə Azərbaycan üçün tranzit gəlirlərinin artması deməkdir. Dəmir yolu və liman infrastrukturunun daha fəal istifadəsi baxımından da çox əhəmiyyətlidir. İran böyük neft və qaz ehtiyatlarına malikdir. MDB ölkələri ilə enerji istehsalı, elektrik enerjisinin ötürülməsi və qaz ticarəti sahələrində əməkdaşlıq yeni bazarların yaranmasına kömək edə bilər. Pezeşkianın təklif etdiyi vahid enerji şəbəkəsi region ölkələrinin enerji resurslarını əlaqələndirməyi nəzərdə tutur. Həmçinin İranın MDB ölkələri ilə iqtisadi əlaqələrinin dərinləşməsi ərzaq, sənaye məhsulları, tikinti materialları və texnologiya sahələrində yeni əməkdaşlıq imkanları aça bilər. İranın Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişinin artıq qüvvədə olması bu əməkdaşlıq üçün müəyyən iqtisadi baza yaradır. İranın iştirakı Xəzərin ekoloji problemləri, su ehtiyatları, turizm və regional təhlükəsizlik məsələlərinin müzakirəsini də genişləndirə bilər. Bu, Azərbaycan üçün də Xəzər dənizində iqtisadi və ekoloji maraqların uzlaşdırılması baxımından əhəmiyyətlidir”.
Ekspert hesab edir ki, İranın “MDB+” formatına qoşulması, ilk növbədə, iqtisadi və nəqliyyat əməkdaşlığının genişlənməsinə xidmət edə bilər: “Əlbəttə ki, bütün bunlar deməyə əsas verir ki, İranın “MDB+” formatına qoşulması ilk növbədə iqtisadi və nəqliyyat əməkdaşlığı baxımından müsbət addımdır. Bu, MDB ölkələrinin cənub istiqamətində ticarət əlaqələrini daha da inkişaf etdirəcək və Xəzər regionunun tranzit əhəmiyyətini artıracaq. Yeni əməkdaşlıq imkanları istər enerji sahəsində, istərsə də digər istiqamətlərdə əlavə imkanların yaradılmasına kömək edəcək”.
Qiymət Mahir


XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər