Prezident İlham Əliyevin girovluq və əsirlikdən azad etdiyi azərbaycanlılar

Prezident İlham Əliyevin girovluq və əsirlikdən azad etdiyi azərbaycanlılar
07.10.2026 16:00 Araşdırma

Prezident İlham Əliyevin 2003-cü ildən bu günədək həyata keçirdiyi dövlət siyasətinin ən mühüm və dəyişməz prinsiplərindən biri hər bir Azərbaycan vətəndaşının harada olmasından asılı olmayaraq, arxasında güclü dövlətin dayandığını hiss etməsidir. İstər xarici ölkələrdəki əsirlik və həbsxanalardan vətəndaşlarımızın azad edilməsi, istər münaqişə zonalarından təxliyələr, istərsə də şəhidlərimizin al-qırmızı bayrağa bükülmüş nəşlərinin Vətənə gətirilməsi olsun.

Bu missiyanın ən səs-küylü və böyük əks-səda doğuran səhifələrindən biri, şübhəsiz ki, Ramil Səfərovun Azərbaycana qaytarılması və azadlığa buraxılması hadisəsidir. 2004-cü ildə NATO təlimləri çərçivəsində erməni zabitinin təhqirlərinə cavab olaraq törətdiyi hadisəyə görə Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş zabitimiz illərlə yad ölkədə məhbus həyatı yaşadı. Lakin 2012-ci il avqustun 31-də Prezidentin şəxsi nüfuzu, eləcə də hüquqi-diplomatik müstəvidə apardığı dəqiq hesablanmış danışıqlar nəticəsində Ramil Səfərov Azərbaycana gətirildi. Elə həmin gün dövlət başçısının sərəncamı ilə əfv edilərək azadlığa buraxılan zabitimizə mayor rütbəsi verildi, mənzil və gələcək xidməti üçün hər cür şərait yaradıldı. Bu addım dövlətin öz hərbçisini ən çətin vəziyyətdə belə tək qoymamaq əzminin dünyaya nümayişi idi.


Təkcə sağ vətəndaşlarımız deyil, torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi və onların nəşlərinin doğma torpağa tapşırılması da hər zaman ən yüksək səviyyəli diplomatik mübarizənin mövzularından biri olub. 2010-cu ildə təkbaşına düşmən səngərinə adlayaraq qəhrəmanlığı dastana çevrilən Milli Qəhrəman Mübariz İbrahimovun nəşi 141 gün, baş leytenant Fərid Əhmədovun nəşi isə aylarla düşmən tərəfində saxlanılırdı. Onların Vətənə qaytarılması üçün Rusiya vasitəçiliyi ilə Həştərxanda keçirilən üçtərəfli prezidentlər sammitində dövlət başçısının birbaşa tələbi və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə qəti razılaşma əldə olundu. Noyabr ayında şəhidlərimizin nəşləri Bakıya gətirildi və Prezidentin şəxsən iştirak etdiyi möhtəşəm dəfn mərasimi ilə torpağa tapşırıldı.


Bənzər hadisə 2016-cı ilin dekabrında döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Çingiz Qurbanovun nəşinin qaytarılmasında da yaşandı. Gərgin diplomatik təzyiqlərdən sonra onun nəşi də təhvil alındı. Prezident ailəsi ilə görüşərək Milli Qəhrəman medalını şəxsən şəhidin doğmalarına təqdim etdi.


Dövlətin xilas missiyası yalnız hərbi müstəvi ilə məhdudlaşmır, dünyanın ən qaynar və təhlükəli bölgələrinə qədər uzanır. 2017-ci ildə Liviyada silahlı qruplaşmalar tərəfindən girov götürülərək zindana atılan üç vətəndaşımız — Namiq Salmanov, Mövlud Rəşidbəyli və Fərid Əliyev Azərbaycan diplomatlarının Liviya strukturları və Türkiyə səfirliyi ilə birgə apardığı mürəkkəb iş nəticəsində azad edilərək Bakıya gətirildi.

Oxşar şəkildə, 2023-cü ildə İranda casusluq ittihamı ilə saxlanılan tələbə Fərid Səfərli də dövlətin hüquqi-diplomatik kanallarla apardığı ardıcıl işlər və Prezidentin xüsusi tapşırığı sayəsində 2025-ci ilin yanvarında Azərbaycana təhvil verilərək ailəsinə qovuşduruldu.


Bununla yanaşı, 2020-ci ildə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən dərhal sonra illərlə erməni girovluğunda işgəncələrə məruz qalan soydaşlarımızın azad edilməsi tarixi ədalət aktına çevrildi. 2014-cü ildə doğma Kəlbəcərdə valideynlərinin məzarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev müharibədən dərhal sonra — 14 dekabr 2020-ci ildə həyata keçirilən geniş əsir mübadiləsi çərçivəsində digər əsir və girovlarımızla birlikdə Vətənə gətirildilər.


Son illərdə isə bu humanitar siyasət daha geniş və sistemli xarakter alıb. Yaxın Şərqdəki müharibə ocaqlarında — Suriya və İraqdakı düşərgələrdə çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının, xüsusilə qadın və uşaqların repatriasiyası üçün xüsusi dövlət mexanizmi işə salınıb. Prezidentin təsdiq etdiyi qaydalar əsasında Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları və digər aidiyyəti qurumların işçi qrupu tərəfindən həyata keçirilən bu missiyalar çərçivəsində İraqdan 295, Suriyadan isə 224 nəfər — əksəriyyəti qadın və uşaqlar olmaqla — xüsusi çarter reysləri ilə ölkəyə gətirilib, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi üçün reabilitasiya işləri aparılıb.

Böyük həqiqətdir ki, Azərbaycan dövləti üçün hər bir vətəndaşın həyatı, təhlükəsizliyi və ləyaqəti hər şeydən üstündür. 

Qiymət Mahir

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər