Hamı COP-dan danışır - COP nədir və orada nələr müzakirə olunur?
COP ingilis dilində Conference of the Parties ifadəsinin qısaldılmış formasıdır. Azərbaycan dilinə “Tərəflərin Konfransı” kimi tərcümə olunur. Burada “tərəflər” dedikdə konfransa qatılan şəxslər deyil, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulmuş dövlətlər və regional iqtisadi inteqrasiya təşkilatları nəzərdə tutulur.
COP-un tam hüquqi adı belədir:
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı.
COP-un meydana çıxması onilliklərlə davam edən elmi araşdırmaların, ekoloji xəbərdarlıqların və beynəlxalq danışıqların nəticəsi idi.
1979 – İqlim problemi beynəlxalq səviyyədə müzakirəyə çıxarıldı və İsveçrənin Cenevrə şəhərində Birinci Ümumdünya İqlim Konfransı keçirildi.
Bu tədbir iqlim dəyişikliyi ilə bağlı beynəlxalq müzakirələrin əsas başlanğıc nöqtələrindən biri hesab olunur.
Konfransda alimlər atmosferdə baş verən dəyişiklikləri, temperaturun yüksəlməsi ehtimalını və insan fəaliyyətinin iqlim sisteminə təsirini müzakirə etdilər.
Beləliklə, iqlim məsələsi yalnız alimlərin araşdırdığı mövzu olmaqdan çıxaraq beynəlxalq siyasətin də gündəliyinə daxil olmağa başladı.
Dünya Meteorologiya Təşkilatı tərəfindən təşkil edilən bu toplantı iqlim dəyişikliyini rəsmən insani fəaliyyətlərin yarada biləcəyi qlobal təhlükə kimi tanıyan ilk beynəlxalq elmi sammit oldu. Buradan ilk dəfə hökumətlərə “insan amilindən qaynaqlanan iqlim dəyişikliyinin qarşısını almaq” tövsiyəsi verildi.
1985-ci il Avstriyada Villach konfransı təşkil olunur. Konfrans qlobal iqlim dəyişikliyi və istixana effektinin beynəlxalq siyasi müstəviyə daşınmasında tarixi dönüş nöqtəsi hesab olunan elmi konfransdır. 9–15 oktyabr Avstriyanın Villach şəhərində keçirilən bu tədbir bugünkü BMT iqlim konfranslarının və qlobal iqlim siyasətinin təməli hesab olunur.
Villach Konfransında qəbul edilən qərarlar sonradan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) (1988) yaradılmasına və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (1992) qəbul edilməsinə birbaşa yol açmışdır.
1991-ci ildə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının hazırlanması üçün Hökumətlərarası Danışıqlar Komitəsinin ilk iclası keçirildi.
Danışıqların nəticəsində 9 may 1992-ci ildə Nyu-Yorkda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının mətni qəbul edildi.
Həmin ilin 3–14 iyun tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı – Yer Sammiti (Earth Summit) keçirildi.

Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində COP-un ilk iclasının keçirilməsini və sonrakı iclasların dövriliyini nəzərdə tuturdu.
Beləliklə, 1995-ci ildə Almaniya hökumətinin ev sahibliyi ilə Berlində ilk rəsmi COP keçirildi.
İclas 28 martda başladı və 7 aprelədək davam etdi.
İclasların dövriliyi nə üçün vacibdir?
Bunun praktik və diplomatik səbəbləri:
İqlim böhranının sürəti: İqlim dəyişikliyi 4-5 ildən bir müzakirə olunacaq qədər yavaş gedən proses deyil. Temperatur artımı, təbii fəlakətlər və emissiya göstəriciləri hər il dəyişir.
COP-un bir mərkəzdə (məsələn, yalnız BMT-nin Nyu-York və ya Cenevrə qərargahında) deyil, dünyanı gəzərək keçirilməsi BMT-nin Rotasiya Prinsipinə dayanır.
İqlim problemi bütün planetin problemidir. Keçiriləcəyi yerin hər il rotasiya etməsi zəngin və ya kasıb olmasından asılı olmayaraq hər bir regiona qlobal iqlim gündəliyini təyin etmək hüququ verir.
Sammit Afrika ölkəsində keçiriləndə (məsələn, COP27 Misir) gündəlik daha çox quraqlıq, su qıtlığı və yoxsul ölkələrin dəymiş ziyanı olur.
Sammit Avropada keçiriləndə fokus daha çox sənaye emissiyalarının azaldılması və yaşıl texnologiyalara yönəlir.
Sammit Cənubi Amerikada keçiriləndə (məsələn, Braziliya) fokus Amazon meşələrinin və biomüxtəlifliyin qorunmasına sürüşür.
BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) əsasən, COP Sədrliyi və ev sahibliyi BMT-nin 5 rəsmi coğrafi qrupu arasında növbəli şəkildə dəyişir:
1. Afrika Qrupu
2. Asiya-Sakit Okean Qrupu
3. Şərqi Avropa Qrupu
4. Latın Amerikası və Karib Hövzəsi Qrupu (GRULAC)
5. Qərbi Avropa və Digər Dövlətlər Qrupu (WEOG)
Hər il növbəsi çatan coğrafi qrup daxilində ölkələr öz namizədliyini irəli sürür. Qrup daxilindəki bütün ölkələr razılığa gəldikdən sonra həmin şəhər rəsmən ev sahibi seçilir.
Bəs niyə 2020-ci ildə COP keçirilmədi?
2020-ci ildə COVID-19 pandemiyası səbəbindən COP26-nın keçirilməsi təxirə salındı və tədbir 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində təşkil edildi.
Bu səbəbdən COP nömrələnməsində 2020-ci il üçün ayrıca COP sessiyası yoxdur.
COP-a rəsmi olaraq 197 suveren dövlət üzvdür.
Bununla belə, konvensiyada Avropa İttifaqı (Aİ) da regional iqtisadi təşkilat kimi müstəqil subyekt statusunda iştirak etdiyi üçün ümumi Tərəflərin sayı 198-dir.
COP iki əsas zonadan ibarətdir:
Mavi Zona (Blue Zone): BMT tərəfindən idarə olunur. Burada dövlət və hökumət başçıları, rəsmi nümayəndə heyətləri hüquqi mətnlər üzərində danışıqlar aparır.
Yaşıl Zona (Green Zone): Vətəndaş cəmiyyəti, QHT-lər, alimlər, gənclər və özəl sektor nümayəndələri üçün açıqdır. Burada yaşıl texnologiya sərgiləri, panellər və şəbəkələşmə baş tutur.
COP-da əslində nə edirlər? Niyə COP-a bu qədər insan qatılır?
Bu, COP haqqında ən vacib suallardan biridir.
Kənardan baxanda böyük bir zal, dövlət başçılarının çıxışları, müxtəlif ölkələrin bayraqları və çoxsaylı nümayəndə heyətləri görünür. Ancaq tədbirin əsas işi yalnız çıxışlardan ibarət deyil.
COP-da eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət həyata keçirilir.
Dövlətlər arasında danışıqlar aparılır.
COP-un əsas işi dövlətlərin nümayəndə heyətlərinin danışıqlarıdır.
Məsələn, bir ölkə təklif edir ki, kömürdən istifadə müəyyən tarixədək azaldılsın. Başqa ölkə isə iqtisadiyyatının hələ də kömürdən asılı olduğunu bildirərək bu müddətin dəyişdirilməsini tələb edir.
Eyni mübahisələr neft, qaz, maliyyə, emissiya hədəfləri, texnologiya və iqlimə uyğunlaşma məsələlərində də baş verir.
Danışıqların sonunda tərəflər hamının qəbul edə biləcəyi ortaq mətn üzərində razılığa gəlməyə çalışırlar.
COP-un ən gərgin müzakirələrindən biri maliyyə məsələsidir.
Təsəvvür edək ki, bir ada dövləti dəniz səviyyəsinin yüksəlməsi səbəbindən yaşayış ərazilərini itirmək təhlükəsi ilə üzləşir. Həmin ölkənin sahil müdafiə sistemləri qurmağa və əhalini köçürməyə kifayət qədər maliyyəsi yoxdur.
Belə vəziyyətdə əsas sual yaranır:
Bu zərərin qarşısını almaq və ya nəticələrini aradan qaldırmaq üçün pulu kim ödəməlidir?
İnkişaf etmiş ölkələr, beynəlxalq maliyyə institutları, özəl investorlar və digər tərəflərin məsuliyyəti burada müzakirə olunur.
Bu, COP29-un da əsas mövzusu idi.
COP-da yalnız siyasi danışıqlar aparılmır.
Burada texnologiya sərgiləri, biznes görüşləri və investisiya müzakirələri də keçirilir:
Günəş panelləri; Külək elektrik stansiyaları; Yaşıl hidrogen; Elektrikli avtomobillər; Enerjiyə qənaət edən binalar; Karbon tutma və saxlama texnologiyaları; Su ehtiyatlarının qorunması sistemləri.
Şirkətlər öz texnologiyalarını təqdim edir, dövlətlər isə mümkün investisiya və əməkdaşlıq imkanlarını araşdırırlar.
COP-un əhəmiyyəti onun müxtəlif iştirakçı qruplarını bir araya gətirməsindədir.
Beləliklə, COP dövlətlərarası diplomatiya ilə yanaşı, qlobal ictimai müzakirə platforması rolunu da oynayır.
İqlim dəyişikliyi yalnız meşələrin quruması və ya havanın istiləşməsi demək deyil. O, kənd təsərrüfatına, ərzaq qiymətlərinə, su ehtiyatlarına, səhiyyəyə, iqtisadiyyata, miqrasiyaya və milli təhlükəsizliyə təsir göstərir.
Məsələn, bir ölkədə uzunmüddətli quraqlıq kənd təsərrüfatı istehsalını azalda bilər. Bu, ərzaq qiymətlərinin artmasına, iş yerlərinin azalmasına və insanların başqa ərazilərə köçməsinə səbəb ola bilər.
COP-a ev sahibliyi edən ölkə dünya mediasının və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edir. Dövlətlər öz iqtisadi və siyasi prioritetlərini təqdim edir, digər ölkələrlə əlaqələrini gücləndirir, beynəlxalq danışıqlarda mövqelərini irəli sürürlər.
Zəhra Məmmədova