COVİD-İ, 11 sentyabrı və 2008-ci ili kölgədə qoyacaq böhran gəlir
ABŞ fond bazarında baş verən kəskin satış dalğası Cənubi Koreya birjasında da ciddi itkilərə yol aça bilər. Bir gün ərzində ABŞ səhmlərinin bazar dəyərindən 3 trilyon dollardan çox vəsaitin silinməsi Asiya bazarlarının açılışı ərəfəsində narahatlığı artırıb.
TodayPress TV xəbər verir ki, Nasdaq 100 indeksi 6,4 faiz geriləyib və təkcə bu indeks üzrə itkilərin 2 trilyon dolları keçdiyi bildirilir. “Nvidia” səhmləri 9,3 faiz, ABŞ-ın yarımkeçirici şirkətlərinin səhmləri isə 12,3 faiz ucuzlaşıb.
Satış dalğasının Cənubi Koreya bazarına təsiri də diqqət çəkir. Nyu-Yorkda ticarət olunan Koreya bazarına bağlı ən böyük ETF-lərdən biri 12,6 faiz dəyər itirib. Bu, Seul birjasında qeydə alınan 5,3 faizlik enişdən iki dəfədən çoxdur. KOSPI indeksi iyun ayında qeydə aldığı 9385 bəndlik rekord səviyyədən 42,6 faiz geriləyib. “SK Hynix” səhmləri maksimum qiymətindən 58 faiz, “Samsung” səhmləri isə 46 faiz ucuzlaşıb.
Cənubi Koreyada vəziyyəti ağırlaşdıran əsas amillərdən biri fərdi investorların borc vəsaitləri hesabına böyük həcmdə səhm almasıdır. İnvestorlar marja kreditlərindən, “Samsung” və “SK Hynix” səhmlərinə bağlı ikiqat leverage edilmiş ETF-lərdən, şəxsi əmanət və pensiya vəsaitlərindən istifadə ediblər. “Citi”nin məlumatına görə, iyul ayında baş verən böhran zamanı 1,2 milyon leverage edilmiş hesab marja çağırışı ilə üzləşib, 360 min hesab isə məcburi qaydada ləğv edilib.
KOSPI indeksi son ticarət sessiyasını 5383 bənd səviyyəsində başa vurub. Bu, aprel ayından bəri ən aşağı bağlanış göstəricisidir. Beləliklə, indeksin əvvəlki yeddi ayda qazandığı mövqelər ciddi şəkildə zəifləyib.
Cənubi Koreya birjasında kəskin enişlərin qarşısını almaq üçün üç mərhələli ticarətin dayandırılması mexanizmi mövcuddur. İndeks 8 faiz gerilədikdə ticarət 20 dəqiqəlik dayandırılır. Eniş 15 faizə çatdıqda mexanizm yenidən işə düşür, 20 faizlik geriləmə zamanı isə birjada ticarət həmin gün üçün tamamilə dayandırılır.
Əsas təhlükə borc vəsaitləri ilə səhm alan investorların eyni vaxtda satışa məcbur qalmasıdır. Səhmlərin qiyməti likvidasiya həddinə çatdıqda brokerlər investorların mövqelərini bağlamaq üçün satış həyata keçirirlər. Bu isə qiymətləri daha da aşağı salır və növbəti investorların da məcburi satışla üzləşməsinə səbəb olur. Beləliklə, ilkin eniş qısa müddətdə zəncirvari satış dalğasına çevrilə bilər.
“Argent Capital” şirkətinin portfel meneceri Jed Ellerbroek də mövcud vəziyyəti məlumat mərkəzləri və yarımkeçirici şirkətlərin səhmlərində təslim olma mərhələsi kimi xarakterizə edib.
KOSPI tarixində ən böyük birgünlük eniş 12,06 faiz təşkil edib. İndeksdə 15 faizlik geriləmə qeydə alınarsa, bu, 11 sentyabr hadisələri, dot-com böhranı, 2008-ci il maliyyə böhranı və COVID-19 pandemiyası dövründəki enişləri belə geridə qoyan nəticə olacaq. Seul birjasının növbəti açılışı bu baxımdan xüsusi diqqət mərkəzindədir.

Jalə Rövşən