Yeni Klinikada Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri istifadəyə verildi

Sağlamlıq

20.11.2025 11:48

Yeni Klinika Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzini istifadəyə verib. 

TodayPress TV xəbər verir ki,  19 noyabr baş tutan rəsmi açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

20 noyabr isə media nümayəndələri üçün təşkil olunan mediatur zamanı jurnalistlər mərkəzlərin fəaliyyət istiqamətləri, tətbiq olunan yeniliklər və planlaşdırılan işlərlə bağlı ətraflı məlumatlandırılıblar. Tura TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, həmçinin media rəhbərləri və nümayəndələri qatılıb.

3600 kvadratmetrlik sahədə yaradılan Yeni Robotik Reabilitasiya Mərkəzi, reabilitasiya sahəsində yüksək texnologiyalara əsaslanan ilk tibb müəssisələrindən biri kimi təqdim olunur. Burada məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və əlillik səviyyəsini azaldır.

Mərkəz ambulator və stasionar xidmət göstərir. Burada 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 nevroloq, 4 təcili-tibbi yardım həkimi, 9 MBT təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı, 20 kiçik tibb işçisi

fəaliyyət göstərir.

Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travması alan pasiyentlərin stasionar müalicəsi aparılır. Mərkəzdə nevroloji, ortopedik, pediatrik, idman, əl, geriatrik, onkoloji, kardiopulmonar və digər istiqamətlər üzrə həm robotik, həm də klassik reabilitasiya tətbiq olunur.

Mediatur çərçivəsində yeni Sümük İliyi Transplantasiyası Mərkəzinə də baxış keçirilib. Tam steril mühit, HEPA filtrasiyalı hava sistemləri və izolyasiya otaqları ilə təchiz edilən mərkəz hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq etməyi hədəfləyir.

22 çarpayılıq mərkəzdə həm böyüklər, həm də uşaqlar üçün Allogen, Autogen, sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun həyata keçiriləcək.

Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksək keyfiyyətli müalicə təqdim etmək, ölkədə sümük iliyi transplantasiyası xidmətlərinin əlçatanlığını genişləndirməkdir.

Yeni yaradılan mərkəzlər sayəsində Yeni Klinika hemato-onkoloji və reabilitasiya istiqamətlərində ölkədə ən müasir tibbi xidmətləri təqdim edən aparıcı tibb müəssisələrindən birinə çevrilir. Bu infrastruktur yenilikləri Azərbaycanda müasir tibb standartlarının daha geniş tətbiqinə xidmət edəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yeni Klinika,Şöbə,İstifadə,Xidmət,Todaypress.tv,

photo
photo