Moldova Rusiyaya qarşı sanksiyaları 100 faizə çatdırır
Moldova Rusiyaya qarşı sanksiyalarda 100 faizə çatmaq istəyir
TodayPress TV xəbər verir ki, Moldova Rusiyaya və Belarusa qarşı Avropa İttifaqının bütün sanksiyalarına qoşulmağa hazırlaşır.
Bu barədə ölkənin xarici işlər naziri Mixail Popşoy Kişinyovda keçirilən Avropa İttifaqının genişlənməsi üzrə illik konfransda bildirib.
Nazirin sözlərinə görə, Moldova hazırda Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin 91 faizini tətbiq edir. Tam uyğunluğa nail olmaq üçün 2014-cü ildə qəbul edilmiş sektoral sanksiyalar paketinə də qoşulmaq lazımdır.
“Bu, aradan qaldırılmalı olan bir boşluqdur. Beləliklə, 100 faizlik uyğunluğa nail ola bilərik”, – deyə Popşoy qeyd edib.
O, müvafiq qərarların yaxın vaxtlarda qəbul edilə biləcəyini bildirib. Nazirin sözlərinə görə, aidiyyəti qurumlar bunun üçün zəruri mexanizmlər üzərində işləyirlər.
“Texniki baxımdan heç bir maneə yoxdur”, - deyə Popşoy əlavə edib.
Bununla yanaşı, nazir yeni sanksiyaların iqtisadi nəticələr doğura biləcəyini vurğulayıb. Xüsusilə Rusiya və Belarusla ticarət əlaqələrini davam etdirən şirkətlərin zərər görməsi ehtimalı var.
Popşoy bildirib ki, hökumət yeni məhdudiyyətlərdən təsirlənəcək sahibkarlara dəstək mexanizmlərini də nəzərdən keçirməlidir.