Vaşinqton İranda hərbi əməliyyata ehtiyac görmür
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da gücləndirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İrana qarşı iqtisadi təzyiqlər o qədər effektiv nəticə verir ki, hazırda genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır.
Rubio qeyd edib ki, Vaşinqton bu təzyiqləri gələcəkdə daha da artıracaq. Bununla yanaşı, İranın müəyyən “qırmızı xətləri” keçəcəyi və ya qəbuledilməz addımlar atacağı təqdirdə ABŞ ordusunun cavab verməyə hazır olduğunu vurğulayıb.
Dövlət katibi Tehranın razılaşma əldə etməkdə maraqlı olduğunu düşündüyünü, lakin İranın hələ buna hazır görünmədiyini bildirib.
O əlavə edib ki, İran nüvə enerjisi proqramını digər ölkələrdə tətbiq olunan qaydalar çərçivəsində həyata keçirməlidir. Rubio xəbərdarlıq edib ki, Tehran gərginliyi artırmaq və hərbi addımlar atmaq qərarına gələrsə, bunun üçün “çox ağır bədəl” ödəyəcək.