Fitso Merzin Ukrayna təhdidinə qarşı çıxdı: “Bu, şantajdır”
Slovakiyanın Baş naziri Robert Fitso Almaniya kansleri Fridrix Merts Ukraynaya maliyyə yardımının davam etdirilməsi ilə bağlı Aİ büdcəsini bloklamaq hədəsini şantaj adlandırıb.
TodayPress TV xəbər verir ki, Fitso bu barədə Slovakiya və Çexiya hökumətlərinin birgə iclasından əvvəl danışıb.
O bildirib ki, Merzin Avropa Şurasının sədri Antonio Koştaya göndərdiyi məktubda irəli sürdüyü tələb qəbuledilməzdir. Belə ki, Almaniya kansleri Aİ üzvlərinin 2027-ci ildə və sonrakı dövrdə Ukraynaya maliyyə dəstəyini davam etdirməsinə razılıq verməyəcəyi təqdirdə, 2028-2034-cü illəri əhatə edən Aİ büdcəsinin təsdiqini bloklamaqla hədələyib.
“Buna cavab verməliyik. Federal kanslerin etdiyi tipik şantajdır və mən bunu rədd edirəm”, – deyə Fitso bildirib.
Baş nazir əlavə edib ki, Slovakiya da Almaniya ilə eyni veto hüququna malikdir və suveren dövlət kimi öz mövqeyini ifadə etmək hüququ var. O, məsələni Çexiyanın Baş naziri Andrey Babişlə də müzakirə edəcəyini bildirib.
Babiş isə Avropa İttifaqını Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlarda daha fəal iştirak etməyə çağırıb. Onun sözlərinə görə, münaqişənin iqtisadi yükünü Avropa ölkələri enerji qiymətləri və digər vasitələrlə daşıyır.
“Biz bunun üçün səy göstərməliyik. Bütün bunların xərcini birbaşa və dolayı yolla, enerji qiymətləri və digər vasitələrlə biz ödəyirik. Bizim əvəzimizə amerikalıların danışıqlar aparması yolverilməzdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 12-13-də Dublində keçiriləcək qeyri-rəsmi sammitdə Aİ liderləri Ukraynanın maliyyələşdirilməsi ilə bağlı yaranan çatışmazlığı müzakirə edəcəklər. Gələn il bu ehtiyacın təxminən 70 milyard avroya çatacağı, Aİ-nin isə bunun 45 milyard avrosunu qarşılamağı planlaşdırdığı bildirilir. Macarıstan, Slovakiya, Bolqarıstan və Çexiya Ukraynaya əlavə maliyyə yardımına töhfə verməkdən imtina edir.