Danimarkadan Kiyevə 645 milyon avroluq dəstək
Danimarka Ukraynaya 645 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenski Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşündə yeni müdafiə paketi ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, yardım paketi zərbə və müdafiə dronlarının, F-16 qırıcıları üçün döyüş sursatlarının alınmasını, həmçinin PURL proqramına dəstəyi nəzərdə tutur.
Ukrayna Prezidenti Rusiyanın ölkənin enerji və digər kritik infrastrukturlarına ballistik hücumlarını davam etdirdiyi bir vaxtda bu dəstəyin vacibliyini vurğulayıb.
Bundan əlavə, Danimarka Xerson vilayətinin enerji ehtiyacları üçün 20 milyon avro humanitar yardım ayıracaq.
Görüşdə tərəflər “Drone Deal” təşəbbüsü çərçivəsində əməkdaşlığı, silahların birgə istehsalını və FREYJA antiballistik proqramını da müzakirə ediblər.