Paşinyan Makronla Ermənistanın Avropa yolunu müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Parisdə ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.
Makron görüşün iki ölkə arasında strateji münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı fürsət olduğunu bildirib.
Paşinyan isə 9-cu Paris Sülh Forumuna dəvətə görə Fransa Prezidentinə təşəkkür edib. O, Ermənistan-Fransa münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə infrastruktur və digər sahələrdə birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Tərəflər, həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığının inkişafını, viza rejiminin liberallaşdırılması prosesini və Aİ-nin dəstəyi ilə həyata keçirilən islahatları müzakirə ediblər.
Paşinyan və Makron regional hadisələr və bölgədə baş verən proseslər ətrafında da fikir mübadiləsi aparıblar.