Yaşıl ərazilərdə yaşamaq piylənmə və metabolik riskləri necə azaldır?
Sağlamlıq
24.11.2025 19:15
Beynəlxalq alimlərin apardığı geniş tədqiqat göstərib ki, yaşıllığın çox olduğu ərazilərdə yaşamaq metabolik sindrom və piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, araşdırmaya əsasən 220 min nəfərin məlumatları analiz edilib və nəticələr Environmental Research jurnalında dərc olunub.
Araşdırmaya görə, ev ətrafında bitki örtüyü nə qədər çox olarsa, qarın piylənməsi, yüksək qan təzyiqi, lipid pozuntuları və qan şəkərinin yüksəlməsi kimi problemlər bir o qədər az olur. Peyk məlumatlarına əsaslanan NDVI yaşıllıq indeksi metabolik sindrom riskini 29 faizdən çox azaldıb.
Tədqiqatçılar bildirirlər ki, yaşıl zonaların sağlamlığa təsiri əsasən daha təmiz hava, daha çox günəş işığı və açıq havada fiziki aktivliyin artması ilə bağlıdır. Yaşıllıq havadakı zərərli hissəcikləri azaldır və orqanizmdə iltihab proseslərini zəiflədir. Günəş işığı isə D vitamininin səviyyəsini artıraraq metabolik sağlamlığı dəstəkləyir.
Araşdırma nəticələri həmçinin göstərib ki, yaşıl ərazilərin qoruyucu təsiri xüsusilə 51–60 yaş arası şəxslərdə və aşağı gəlirli məhəllələrdə daha güclüdür.
Mütəxəssislər vurğulayırlar ki, təbii ərazilərdə vaxt keçirmək metabolik sağlamlığı qorumağın sadə və təsirli yoludur.
Jalə Rövşən
tag: Yaşıllıq,Sağlamlıq ,Ərazi,Piylənmə,Todaypress.tv,
