Xəzər Tibb Mərkəzi fəaliyyətini genişləndirir

Sağlamlıq

11.12.2025 11:41

“Xəzər Tibb Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 418 nömrəli Fərmanı əsasında yaradılıb və fəaliyyətə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin 27 aprel 2021-ci il tarixli, 13 nömrəli Qərarı ilə başlayıb”.

TodayPress TV xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı Mərkəzin direktoru Mübariz Ağayev deyib.

Direktor mediaya mərkəz haqqında geniş məlumat verib:

“2025-ci ilin yanvar–noyabr ayları ərzində Mərkəzə 230 724 müraciət daxil olub, həmin dövrdə göstərilən tibbi xidmətlərin ümumi sayı isə 780 134 təşkil edib. Cərrahi əməliyyatlar

Mərkəzdə 2025-ci ilin ilk 11 ayında 2 713 cərrahi əməliyyat həyata keçirilib. Stasionar xidmət

Hesabat dövründə 5 125 nəfər stasionar qaydada müalicə alıb”.

Mübariz Ağayevin sözlərinə görə, Xəzər Tibb Mərkəzində ümumilikdə 140 çarpayı fondu mövcuddur. Onlardan 25-i terapiya, 30-u cərrahiyyə, 10-u ginekologiya, 30-u doğum, 20-si nevrologiya, 20-si pediatriya, 5-i isə Anesteziya və İntensiv Terapiya şöbəsinin payına düşür.

O, həmçinin bildirib ki, Mərkəzdə 485 əməkdaş fəaliyyət göstərir. Onların 91-i həkim, 160-ı orta tibb işçisi, 234-ü isə digər kateqoriyalara aid əməkdaşlardır.

Direktor əlavə edib ki, mərkəzdə bir sıra yeni tibbi xidmətlər istifadəyə verilib. Bunlara EMQ, tredmil (stres test), holter müayinəsi, EFQDS, spirometriya, kolonoskopiya, Avastin inyeksiyası və bronxoskopiya daxildir.

“Xəzər Tibb Mərkəzinin qarşıdakı hədəfləri arasında xəstə məmnuniyyətinin artırılması, dializ xidmətinin təşkili, travma mərkəzinin qurulması, KT və MRT müayinələrinin tətbiqi, endoprotezləşmə əməliyyatlarının icrası, LOR əməliyyatlarının genişləndirilməsi, laparoskopik cərrahiyyənin inkişafı, FAKO əməliyyatlarının icrası və reanimasiya şöbəsində çarpayı sayının artırılması yer alır”,- deyə M.Ağayev bildirib. 

Qiymət Mahir

TodayPress TV

tag: Mübariz Ağayev,Direktor,Travma,Mərkəz,Todaypress.tv,