Xaricdən gətirilən dərmanlar niyə bahadır?
Sağlamlıq
06.11.2025 15:27
Ölkəmizdə son illər dərmanların qiymətinin bahalaşması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə də xaricdən idxal olunan preparatların satış qiymətləri bir çox vətəndaşın cibinə ağır gəlir.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Altay İsmayılov bildirib ki, xaricdən gətirilən dərmanların baha satılması müəyyən iqtisadi səbəblərlə bağlıdır və bu, qlobal praktikada da müşahidə olunan haldır.

Ekspertin sözlərinə görə, dərmanların istehsal olunduğu ölkədən Azərbaycana qədər keçdiyi yol xeyli xərc tələb edir:
"Avropanın istənilən ölkəsində istehsal olunan dərman məhsulu Azərbaycan bazarına çatana qədər uzun bir logistika zəncirindən keçir. Buraya nəqliyyat xərcləri, tranzit ölkələrin keçid ödənişləri, gömrük rüsumları və digər idxal vergiləri daxildir. Bu faktorların hamısı yekun satış qiymətinə təsir göstərir. Yəni məhsulun istehsalçı ölkədəki qiyməti ilə burada satılması mümkün deyil".
Mütəxəssisin fikrincə, qiymətlərin aşağı salınmasının əsas yolu daxili istehsalın gücləndirilməsidir:
"Əgər dərmanların bir hissəsi ölkəmizdə istehsal olunsa, bu, həm qiymət baxımından, həm də strateji təhlükəsizlik nöqteyi-nəzərindən vacib addım olar. Amma bütün növ dərmanları yerli şəraitdə istehsal etmək real deyil. Buna baxmayaraq, müəyyən sahələrdə yerli istehsal təşviq edilməlidir".

İqtisadçı qeyd edib ki, dünyanın heç bir ölkəsi bütün məhsullarını tam şəkildə daxildə istehsal etmir. Buna görə də idxal hər bir iqtisadiyyatın ayrılmaz hissəsidir. Lakin dövlət müəyyən sahələrdə qiymət sabitliyini qorumaq üçün sosial yönümlü addımlar atır:
"Hazırda Azərbaycanda sosial təbəqələr üçün müəyyən dərman növləri ya güzəştlə, ya da pulsuz verilir".
Türkan İsgəndərli
tag: Dərman,Bahalaşma,Qiymət artımı,Aptek,Todaypress.tv,
