Vətər xəstəlikləri üçün dərman tapıldı
Sağlamlıq
14.01.2026 19:00
Axilles vətər ağrısı, tennis dirsəyi, üzgüçü çiyni və tullanan diz kimi vəziyyətlər yalnız peşəkar idmançılar arasında deyil, aktiv həyat tərzi sürən insanlarda da geniş yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Science Translational Medicine" jurnalında dərc olunub.
Bu hallar vətərlərin həddindən artıq istifadəsi ilə bağlıdır və tibbdə tendinopatiya adlanır.
Son araşdırmalarda alimlər tendinopatiyanın əsas molekulyar “hərəkətverici qüvvəsi”nin HIF1 zülalı olduğunu müəyyən ediblər. HIF1 hüceyrələrdə genlərin açılıb-söndürülməsini tənzimləyən transkripsiya faktoru kimi fəaliyyət göstərir.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, HIF1 daim aktiv olduqda, hətta həddindən artıq yük olmasa belə vətər xəstəlikləri yaranır. Əksinə, HIF1 deaktiv ediləndə intensiv məşq zamanı belə tendinopatiya inkişaf etmir. İnsan hüceyrələri üzərində aparılan tədqiqatlar HIF1 səviyyəsinin artmasının vətəri sərtləşdirib kövrəklik yaratdığını, qan damarları və sinir liflərinin toxumaya doğru böyüməsinin isə ağrıya səbəb olduğunu göstərib.
Alimlər vurğulayır ki, HIF1-in kəşfi tendinopatiyaların erkən müalicəsinin vacibliyini göstərir və gələcəkdə dərman terapiyası üçün yeni imkanlar yaradır. Lakin HIF1-in digər orqanlarda da əhəmiyyətli rolu olduğundan, onun tam bloklanması ciddi yan təsirlərə səbəb ola bilər. Tədqiqatçılar daha hədəflənmiş və təhlükəsiz molekulların axtarışına üstünlük verirlər.
Türkan İsgəndərli
tag: HIF1,Vətər,Dirsək,Hüceyrə,Todaypress.tv,
