Uzun ömür üçün ən yaxşı məşqlər
Sağlamlıq
22.01.2026 19:00
Araşdırma göstərir ki, gəzinti, qaçış, yoqa, ağırlıq qaldırma və bağçılıq kimi müxtəlif məşqlərlə məşğul olanların vaxtından əvvəl ölüm riski 19% azdır.
TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bu 111.000-dən çox yetkinin iştirak etdiyi yeni araşdırmada əksini tapıb.
Bu tapıntılar, ümumi fiziki fəaliyyət səviyyəsi sabit qalsa belə, məşq növlərinin müxtəlifliyinin sağlamlıq və uzunömürlülük üçün əhəmiyyətli olduğunu göstərir.
Tədqiqat "BMJ Medicine" jurnalında dərc olunub və 30 ildən çox müddət ərzində Tibb Bacılarının Sağlamlıq Tədqiqatı və Səhiyyə Mütəxəssislərinin İzləmə Tədqiqatının məlumatları əsasında aparılıb. İştirakçılar həftəlik məşqlərini müxtəlif fəaliyyətlər üzrə bildiriblər, tədqiqatçılar isə həm məşqlərin müxtəlifliyini, həm də səviyyəsini nəzərə alaraq sağlamlıq nəticələri ilə əlaqəsini araşdırıblar.
Araşdırma göstərib ki, bir növdən çox fiziki fəaliyyətlə məşğul olmaq, ümumi məşq müddətindən asılı olmayaraq, vaxtından əvvəl ölüm riskini azaldır və uzunömürlülüyə müsbət təsir göstərir. Tədqiqatın aparıcı müəllifi Yanq Hu bildirir ki, insanlar tək bir məşq növünə yapışmaq əvəzinə, fərqli fiziki fəaliyyətlərlə məşğul olduqda əlavə sağlamlıq faydaları əldə edə bilərlər.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, iştirakçıların məlumatları özləri tərəfindən bildirildiyi üçün kiçik səhv ehtimalı mövcuddur və nümunə əsasən ağdərili səhiyyə işçilərindən ibarət olub. Buna baxmayaraq, böyük iştirakçı sayı və uzun müşahidə müddəti nəticələri etibarlı edir.
Jalə Rövşən
tag: Məşq ,İdman ,Sağlamlıq ,Araşdırma ,Todaypress.tv,
