Üz dərisini qurumaqdan necə qoruyaq? - Kosmetoloqdan tövsiyələr
Sağlamlıq
13.11.2025 13:45
Bəziləri soyuğun dəriyə xeyirli olduğunu, cavan saxladığını düşünürlər. Ancaq qış mövsümündə üz dərisi şaxta, soyuq və küləyə məruz qaldığından quruma, qabıqlanma və solğunlaşma kimi problemlər yaranır.
Bəs bu halların qarşısını almaq və dərini qorumaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan həkim-kosmetoloq Gülər İbrahimova bildirib ki, qış aylarında havaların soyuması ilə bədənin vitamin balansı pozulur və bu, dərinin qurumasına səbəb olur.
Onun sözlərinə görə, vitamin azaldığı üçün dərimiz qurumağa başlayır və soyuq hava ilə təmas etdikdə qabıqlanma yaranır:
"Nəticədə dəridə cansızlıq və solğun görünmə halları müşahidə olunur. Bunlardan qorunmaq üçün həm səthi, həm də daxili müalicə üsullarından istifadə etmək lazımdır. Qış aylarında analiz vermək vacibdir. Hansı vitamin çatışmazlığı varsa, onu qəbul etmək lazımdır. Xüsusilə D vitamini, dəmir, sink, B12 kimi maddələr dərinin sağlamlığı üçün vacibdir".
Kosmetoloq əlavə edib ki, qışda dərinin balansını qorumaq üçün nəmləndirici vasitələrdən mütəmadi istifadə olunmalıdır:
"Yerli qulluq zamanı tərkibində zeytun yağı, bal, kakos kimi nəm saxlayan maddələr olan maska və kremlərdən istifadə etmək lazımdır. Evdən çıxmazdan əvvəl mütləq nəmləndirici çəkmək lazımdır. Əks halda, üz dərisi quruyur və qabıqlanır. Həmçinin, havalar soyuduqda bir çox insanlar maye qəbulunu azaldırlar, bu isə düzgün deyil. Əksinə, qışda bədənimizdə su balansını qorumaq üçün daha çox su içmək vacibdir", - deyə Gülər İbrahimova fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Kosmetoloq,Üz dərisi,Qulluq ,Quruluq ,Todaypress.tv,
