Ürək hüceyrə terapiyası üçün yeni üsul tapıldı

Sağlamlıq

12.12.2025 18:15

Harvard Universitetinin tədqiqatçıları ürək hüceyrə terapiyasının təhlükəsizliyini artırmağa qadir yeni yanaşma hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Science" jurnalı məlumat yayıb.

Araşdırmaya görə, öz-özünə yığılan RADA16 adlı peptid kök hüceyrələrdən yetişdirilən ürək əzələ hüceyrələrinin ürək toxumasına daha yaxşı inteqrasiya olunmasına və ritmlə sinxron işləməsinə kömək edir.

Bu hüceyrələr infarkt və ürək çatışmazlığından sonra bərpa üçün perspektivli hesab edilsə də, əsas risk transplanta sonrası aritmiyalar idi. Alimlər “kiborq orqanoidlər” adlandırılan nanoelektronikalı 3D hüceyrə strukturlarından istifadə edərək köçürülmüş hüceyrələrin davranışını real vaxtda izləyiblər. Bu texnologiya sayəsində ritmdən çıxan hüceyrələri dəqiq müəyyən etmək mümkün olub.

Tədqiqat nəticəsində məlum olub ki, RADA16 peptidi əlavə edilən hüceyrələr daha yaxşı struktur formalaşdırır, ürəklə güclü elektrik əlaqəsi qurur və demək olar ki, aritmiya yaratmır. Peptidsiz hüceyrələr isə tez-tez sinxronsuz fəaliyyət göstərən sahələr yaradır.

Alimlərin sözlərinə görə, bu metod regenerativ tibbdə təhlükəsiz müalicə strategiyalarının hazırlanması üçün yeni imkanlar açır və ürək hüceyrə terapiyasının klinik tətbiqinə mane olan əsas problemlərdən birini həll edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ürək,Hüceyrə,Terapiya,RADA16,Todaypress.tv,