Tut qaraciyər sağlamlığını yaxşılaşdıra bilər

Sağlamlıq

24.12.2025 19:45

Tut yarpaqlarından əldə edilən ultrafiltrlənmiş qlütelin zülalının piylənmə və yüksək yağlı qidalanma fonunda qaraciyər sağlamlığını yaxşılaşdırdığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Food & Function" elmi jurnalında dərc olunub.

Alimlər qlütelinin təsirini hüceyrə modelləri və siçanlar üzərində sınaqdan keçiriblər. Nəticələrə görə, tut qlütelinin əlavə edilməsi qaraciyərdə yağ yığılmasını azaldıb, triqliserid və xolesterol səviyyələrini aşağı salıb. Eyni zamanda iltihab əlamətləri və qaraciyər zədələnməsi göstəriciləri zəifləyib.

Təcrübə zamanı yüksək yağlı pəhriz saxlayan heyvanlarda çəki artımının yavaşladığı və qan göstəricilərinin yaxşılaşdığı da müşahidə olunub. Araşdırma qlütelinin yalnız iltihab əleyhinə deyil, həm də qaraciyərdə maddələr mübadiləsinə təsir göstərdiyini ortaya qoyub.

Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr hələlik yalnız laboratoriya səviyyəsində əldə edilib və insanlarda təsiri öyrənilməyib. Bununla belə, tut yarpağı zülalı gələcəkdə qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinin qarşısının alınması və müalicəsində faydalı funksional qida komponenti ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tut,Yarpaq,Qaraciyər,Yağ,Todaypress.tv,