Tovuz tibb məntəqəsi niyə baxımsız haldadır? – Nazirlikdən CAVAB

Sağlamlıq

15.01.2026 16:33

Tovuz rayonunun Şıxheybət kənd sakini Solmaz Ağayeva TodayPress TV-yə müraciət edərək bildirib ki, yaşadığı ərazidə kənd sakinləri tibb məntəqəsinin olmamağından əziyyət çəkirlər.

Bu dağ kəndində 30 ailə yaşayır və kənddə yaşayan yaşlı insanlar sağlamlıqlarında problem yaranan zaman həkim tapa bilmirlər.      

Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik.

Qurumun mətbuat xidmətindən bildirildi ki, mövcud problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət daxil olmayıb.  

“Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi ilə bağlı müraciət daxil olduqda qanunvericiliklə müəyyən edilmiş qaydalara əsasən nazirlik TƏBİB-ə sorğu göndərir. Bundan sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparır. Monitorinqin nəticələrinə əsasən müəssisənin inşası, yaxud əsaslı təmiri məqsədəuyğun hesab edilərsə, bununla bağlı Səhiyyə Nazirliyinə müvafiq rəy göndərilir. Göndərilən rəyə əsasən Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Qeyd edilən tibb məntəqəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət daxil olmayıb”, - deyə nazirlikdən vurğulanıb.  

Vüsalə Nəciyeva

TodayPress TV

tag: Səhiyyə nazirliyi,Tovuz,Tibb,Məntəqə,Todaypress.tv,