Tibb işçilərinə yeni tələblər: İmtahansız sertifikat olmayacaq
Sağlamlıq
10.12.2025 17:19
"Davamlı peşəkar inkişafın təmin edilməsi ilk növbədə həkimin öz məsuliyyətidir, iş yeri isə buna lazımi şərait yaratmalıdır".
TodayPress TV xəbər verir ki, bunu Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova deyib.

Onun sözlərinə görə, tibb işçilərinin bilik və bacarıqlarını yeniləməsi, konfrans, seminar və kurslarda iştirakı həm peşəkar inkişaf, həm də xəstə təhlükəsizliyi baxımından zəruridir. Bunun üçün iş yeri və rəhbərliklə qarşılıqlı anlaşma vacibdir:
"Əgər həkim və ya digər tibb mütəxəssisi hər hansı təlimə və ya kursa qatılmaq istəyirsə, bunu əvvəlcədən baş həkimlə müzakirə etməlidir. Peşəkar inkişaf təsadüfi şəkildə deyil, planlı şəkildə həyata keçirilməlidir. Bu həm iş prosesinin təşkili, həm də personalın keyfiyyət göstəricilərinin yaxşılaşdırılması baxımından önəmlidir".
Şöbə müdiri vurğulayıb ki, davamlı tibbi təhsil təkcə sertifikasiya tələbi deyil, eyni zamanda tibb işçisinin öz peşəsinə və xəstələrinə qarşı göstərdiyi məsuliyyətin bir göstəricisidir.
O həmçinin əlavə edib ki, son beş il ərzində öz ixtisası üzrə fəaliyyət göstərməyən, yəni bu müddətdə faktiki olaraq işləməyən həm ali, həm də orta ixtisas təhsilli tibb mütəxəssisləri yenidən sertifikat almaq üçün mütləq sertifikasiya imtahanından keçməlidirlər.
"Bu tələbin tətbiqi səhiyyə sistemində peşəkarlığın artırılmasına, mütəxəssislərin bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Yeni qaydalara əsasən, peşə fəaliyyətində uzunmüddətli fasilə vermiş şəxslər yalnız imtahandan uğurla keçdikdən sonra sertifikat əldə edərək işə davam edə biləcəklər".
Şərafət İsmayılova sonda qeyd edib ki, bu dəyişiklik tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi və tibb işçilərinin daim yenilənən biliklərlə fəaliyyət göstərməsi məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: Şərafət İsmayılova,Müdir,Tibb,Tələb,Todaypress.tv,
