Təqaüdçülərin dərmanları UCUZLAŞDIRILACAQ? - AÇIQLAMA

Sağlamlıq

13.01.2026 16:50

Gürcüstanda təqaüdçülərin dərmanları 50 faiz endirimlə alması sosial baxımdan müsbət təcrübə kimi dəyərləndirilir. Azərbaycanda da pensiyaçıların böyük əksəriyyəti bu cür güzəştlərin tətbiq olunmasını istəyir. 

Bəs sözügedən güzəşt Azərbaycanda da tətbiq edilə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dərmanların 50 faiz ucuzlaşdırılması sosial baxımdan cəlbedici görünsə də, əsas məsələ bu güzəştin maliyyə yükünün kim tərəfindən qarşılanacağıdır.

"Hamı istəyə bilər ki, dərmanlar ucuz olsun, güzəştlər tətbiq edilsin. Amma sual yaranır: dərman 50 faiz ucuz satılacaqsa, o 50 faizi kim ödəyəcək? Bu yükün dövlət tərəfindən qarşılanması real görünmür. Əgər deyiriksə ki, dərmanın yarısını vətəndaş ödəyir, digər yarısını dövlət versin, onda nəzərə almalıyıq ki, dövlətin gəlirləri, xüsusilə neft gəlirləri azalır. 2026-cı ildən etibarən vergilər artırılır, bir sıra güzəştlər ləğv olunur, vətəndaşların maaşından əlavə tutulmalar edilir".

İqtisadçı vurğulayıb ki, sosial güzəştlərin artırılması avtomatik olaraq yeni maliyyə mənbəyi tələb edir:

"Dövlətin resursları məhduddur. Belə bir yük tətbiq olunacaqsa, bu, yenə də bütün vətəndaşların vergiləri hesabına olacaq. Artıq mövcud olan icbari tibbi sığorta sistemi də əlavə yük yaradır. Hazırda vətəndaşlar maaşlarından 2 faiz icbari tibbi sığorta haqqı ödəyirlər. Bu yükün üzərinə bir də dərman güzəştlərini qoymaq məqsədəuyğun deyil".

Xalid Kərimli hesab edir ki, dərmanlara ümumi endirim tətbiq etmək əvəzinə fərqli yanaşma seçilməlidir:

"Daha düzgün yanaşma təqaüdçülərin real ehtiyac duyduğu dərmanların siyahısını müəyyən etmək və qiymətlərin formalaşmasına nəzarət etməkdir. Burada əsas problem monopoliyalardır və süni qiymət artımıdır. Belə mexanizmlər adətən dərman şirkətlərinin cibinə işləyir. Qiymətləri qaldırırlar, fərqi isə dövlətdən alırlar".

Ekspert sonda əlavə edib ki, hazırkı iqtisadi şəraitdə genişmiqyaslı dərman güzəştləri real deyil:

"Mən bu cür güzəştləri məqsədəuyğun hesab etmirəm və hökumətin də hazırda buna maliyyə imkanının olmadığını düşünürəm", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Təqaüdçü,Dərman,Todaypress.tv,